25 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Anım Günü tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən müharibəsi şəhidlərinin və Vətən uğrunda həyatını itirən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov çıxış edib. O, 2021-ci ilin yanvarında fəaliyyətə başlayan Fondun işindən danışaraq, Vətən müharibəsi iştirakçılarına, şəhid və qazilərə məxsus geyim nümunələrinin, sənədlərin, fotoşəkillərin və digər şəxsi əşyaların toplanması və qorunmasının, eləcə də bu materialların araşdırılaraq ictimaiyyətə təqdim edilməsinin Fondun fəaliyyətində mühüm yer tutduğunu bildirib.
Tədbirdə şəhid Məhəmməd Məmmədovun atası Bilal Məmmədov, şəhid Elşən Sultanlının atası Nazim Sultanov, şəhid Saleh Məcidzadənin atası Nəriman Məcidov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Cavid Mahmudovun atası Hilal Mahmudov, Vətən müharibəsi iştirakçısı Elçin Əliyev, Azərbaycan Vətənpərvər Maarifləndirmə İctimai Birliyinin sədr müavini, Birinci Qarabağ müharibəsi iştirakçısı Çingiz Bayramov çıxış ediblər.
Çıxış edənlər şəhidlərin həyatından, döyüş yolundan və Vətən uğrunda göstərdikləri fədakarlıqdan söz açıblar. Onlar şəhidlərin xatirəsinin qorunmasında muzeylərin rolunu vurğulayıb, tədbirin təşkilinə və şəhidlərin irsinə göstərilən diqqətə görə Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyinə təşəkkür ediblər.
Müstəqil tədqiqatçılar Faiq Nəsibov və Günay Rzayeva, yazıçı-publisist və rəssam Zahir Məlikli də tədbirdə çıxış ediblər. Onlar şəhidlərin həyat və döyüş yoluna həsr etdikləri kitablar haqqında məlumat verərək nəşrləri Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıya təqdim ediblər.
Tədbirin sonunda Bakı şəhəri İ. Əfəndiyev adına Elitar Gimnaziyanın VI sinif şagirdi, SASMO Riyaziyyat Olimpiadasının bürünc mükafatçısı Məhəmməd Baxış və Bakı şəhəri 214 nömrəli tam orta məktəbin V sinif şagirdi Hüseyn Bəhmənli çıxış ediblər.
Şagirdlərin tədbirdə iştirakı və çıxışları Vətən müharibəsi tarixinin və şəhidlərin həyat yolunun gənc nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
2 iyul 2026-cı il saat 10:00-da Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş «Bakı. 1926: Dil, Fikir, Birlik» sərgisinin açılışı keçiriləcək. Sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq.