XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
18 May, 2026
Muzeydə “İrsi birləşdirən körpülər” adlı seminar keçirilib

Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə tələbələr üçün “İrsi birləşdirən körpülər” adlı seminarı keçirilib. Seminar ICOM tərəfindən 2026-cı il üçün müəyyən edilmiş “Parçalanmış Dünyanı Muzeylər Birləşdirir” mövzusu çərçivəsində və muzeyin “Elmi macəralar saatı” layihəsi əsasında təşkil olunub. Tədbirdə Azərbaycan Kooperasiya Universitetinin tələbələri iştirak ediblər.

Seminarın məqsədi muzeylərin yalnız mədəni irsin qorunduğu məkanlar deyil, eyni zamanda cəmiyyətlər, nəsillər və müxtəlif sosial qruplar arasında əlaqə yaradan platformalar kimi rolunu ön plana çıxarmaq, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni irsin bərpası və dirçəldilməsi prosesini tələbə auditoriyası vasitəsilə ictimaiyyətə təqdim etmək olub.

Tədbiri giriş sözü ilə muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi açaraq,  “Xilas olunmuş xəzinə” adlı məruzə ilə çıxış edib. Daha sonra Bakı Mühəndislik Universitetinin müəllimi, t.ü.f.d. Ramiz Nəcəfli “Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi: bölgənin tarixi irsinin qorunması” mövzusunda məruzə edib.

Seminar çərçivəsində Füzuli Tarix-Diyarşünaslıq Muzeyi, Bülbülün ev-muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, eləcə də Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı ilə bağlı təqdimatlar nümayiş olunub. Məruzələr Aysel Cəfərova, Fidan Əşrəfova, Nərmin Abdulova, Nigar Bağıyeva, Rəksanə Babayeva, Aynur Gözəlova və Fatimə Babayeva tərəfindən təqdim edilib.

Seminarın sonunda muzeylər və memorial komplekslərlə bağlı təqdim olunan videoçarxlar nümayiş etdirilib, iştirakçılar arasında açıq diskussiya və fikir mübadiləsi aparılıb. Eyni zamanda çıxışçılara sertifikatlar təqdim olunub.

Seminar çərçivəsində nümayiş etdirilən virtual ekskursiya və videoçarxların hazırlanmasına göstərdikləri dəstəyə görə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Muzey mərkəzləri ilə iş şöbəsinin müdiri Sahibə Ələkbərovaya və Bülbülün Memorial Muzeyinin direktoru Fərqanə Cabbarovaya təşəkkür bildirilib.

Layihənin rəhbəri muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlıdır.