17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Ardınca Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələlərdən birini təşkil edən 2023-cü ilin sentyabr hadisələri ilə bağlı çıxışlar dinlənilmiş, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov çıxış edərək iştirakçıları salamlamışdır. Tədbirin davamında Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov və Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, professor, AMEA-nın müxbir üzvü Musa Qasımlı 2023-cü ilin sentyabrında baş vermiş hadisələrin Azərbaycanın dövlətçilik tarixində yeri və əhəmiyyəti barədə fikirlərini bölüşmüşlər.
Tədbirdə 2023-cü il sentyabr hadisələri zamanı şəhid olmuş Qafarov Savalan İsfəndiyar oğlunun anası Xəyalə Qafarova və şəhid Əlibəyov Əlibəy Mirkərim oğlunun həyat yoldaşı Mehriban Əlibəyova çıxış edərək şəhidlərin keçdiyi həyat yolu, onların Vətən qarşısında xidmətləri və ailələrinin xatirələri ilə bağlı fikirlərini iştirakçılarla bölüşmüşlər.
Tədbir çərçivəsində antiterror tədbirlərinin iştirakçıları – çavuş Münasib Vurğun oğlu İbrahimov və baş gizir Əhməd Mirqasım oğlu Əhmədov da çıxış etmişlər. Onların çıxışlarında 2023-cü ilin sentyabrında baş verən hadisələrin iştirakçısı kimi şəxsi müşahidə və xatirələrə yer verilmişdir.
Tədbirin mühüm məqamlarından biri də məktəblilərin iştirakı olmuşdur. Bakı şəhəri İ. Əfəndiyev adına Elitar Gimnaziyanın VI sinif şagirdi, SASMO Riyaziyyat Olimpiadasının bürünc mükafatçısı Məhəmməd Baxış və Bakı şəhəri 214 nömrəli tam orta məktəbin V sinif şagirdi Hüseyn Bəhmənli tədbirdə çıxış etmişlər. Gənc nəslin nümayəndələrinin tədbirə cəlb olunması dövlətçilik tarixinin və milli yaddaşın gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbirin yekununda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxış etmişdir. Çıxışda 20 Sentyabr – Dövlət Suverenliyi Gününün Azərbaycanın müasir tarixində əhəmiyyətinə, 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin ölkənin dövlət suverenliyinin təmin olunması baxımından tarixi əhəmiyyətinə toxunulmuşdur.
Kitabın elmi redaktoru Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır. Təqdimat zamanı akademik Nailə Vəlixanlı XVIII–XIX əsrlər Azərbaycan tarixinin öyrənilməsində tarixi artefaktların əhəmiyyətini qeyd edib, nəşrin zəngin arxiv və muzey materialları əsasında hazırlanmasının elmi əhəmiyyətini vurğulayıb.
2 iyul 2026-cı il saat 10:00-da Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş «Bakı. 1926: Dil, Fikir, Birlik» sərgisinin açılışı keçiriləcək. Sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq.