XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
30 Sentyabr, 2026
Milli Azərbaycan Tarixi Muzeyində “Mavi Günbəzin sirri” beynəlxalq sərgisinin açılışı keçirilib

 

30 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu tərəfindən hazırlanmış “Mavi Günbəzin sirri” adlı beynəlxalq sərginin açılış mərasimi keçirilib.

Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin və Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Azərbaycan və Qazaxıstan arasında mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi, həmçinin türk xalqlarının ortaq tarixi-mədəni irsinin öyrənilməsi və təbliği məqsədilə təşkil olunub.

Layihə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Hoca Əhməd Yasəvi irsinin Qazaxıstanda və xaricdə öyrənilməsi, qorunması və geniş şəkildə təbliğinə dair tapşırıqlarının icrası istiqamətində həyata keçirilən sistemli işlərin davamı olaraq reallaşdırılıb.

Açılış mərasimi Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun direktoru Yerlan Yergaziyeviç Dakenov, Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri Leyla Həsənova və Maksat Arqınbekov çıxış ediblər. Tədbiri Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Turan Qasımova aparıb.

Çıxışlarda Azərbaycan və Qazaxıstan arasında tarixi və dostluq münasibətlərinin, mədəni-humanitar əlaqələrin və muzeylərarası əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Həmçinin türk xalqlarının ortaq tarixi və mədəni irsinin qorunması, öyrənilməsi və beynəlxalq səviyyədə təbliğinin vacibliyi vurğulanıb.

Tədbirin sonunda “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun direktoru Yerlan Yergaziyeviç Dakenov tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıya hədiyyələr təqdim olunub.

Daha sonra tədbir iştirakçıları “Mavi Günbəzin sirri” beynəlxalq sərgisinin ekspozisiyası ilə tanış olmağa dəvət olunublar.

Təşkil olunan sərgi Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə, muzeylərarası əməkdaşlığın inkişafına və türk xalqlarının zəngin tarixi-mədəni irsinin təbliğinə xidmət edir.