XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
18 Sentyabr, 2026
Milli Azərbaycan Tarixi Muzeyi Seyid Cəfər Pişəvəri adına gimnaziyada Dövlət Suverenliyi Gününə həsr olunmuş mühazirə keçirib

Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə 18 sentyabr 2026-cı il tarixində Seyid Cəfər Pişəvəri adına humanitar fənlər gimnaziyasında Dövlət Suverenliyi Gününə həsr olunmuş muzeydənkənar mühazirə keçirilib.

Tədbirdə gimnaziyanın direktoru İlqar Talıbov, tarix klubunun şagirdləri və digərləri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən İlqar Talıbov 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunmasının Azərbaycan dövlətçilik tarixindəki əhəmiyyətindən danışıb. O, milli dövlətçilik ənənələrinin qorunması və tarixi yaddaşın gənc nəslə ötürülməsinin vacibliyini vurğulayıb. Direktor Milli Azərbaycan Tarixi Muzeyi ilə əməkdaşlığın və bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin şagirdlərin tarixə marağının formalaşmasına verdiyi töhfəni qeyd edərək muzey rəhbərliyinə təşəkkürünü bildirib.

Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı tərəfindən Dövlət Suverenliyi Gününün tarixi və dövlətçilik baxımından əhəmiyyətinə həsr olunmuş mühazirə təqdim edilib.

Mühazirə zamanı Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan Xalq Cümhuriyyəti və Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunmuş ekspozisiya zallarından videoçarxlar nümayiş etdirilib. Muzeyin ekspozisiyasında qorunan və nümayiş etdirilən tarixi materiallar əsasında Azərbaycan dövlətçiliyinin inkişaf mərhələləri haqqında məlumat verilib.

Təqdimatda Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tarixindəki yeri, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik siyasəti və bu siyasətin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilməsi məsələlərinə toxunulub.

Mühazirənin əsas mövzularından biri də 2020-ci il Vətən müharibəsi və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror tədbirləri olub. Qeyd edilib ki, bu hadisələr nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub.

Həmçinin 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsinin tarixi əhəmiyyəti barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan edilib. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının da dövlətçilik və konstitusiya dəyərlərinə verilən önəmin göstəricisi olduğu vurğulanıb.

Mühazirənin sonunda muzey materiallarının təhsil prosesində istifadəsinin, tarixi hadisələrin əyani nümunələr əsasında öyrənilməsinin və tarixi yaddaşın gənc nəslə çatdırılmasının əhəmiyyəti qeyd olunub. Tarix klubunun şagirdlərinin iştirakı ilə keçirilən tədbir Azərbaycan dövlətçilik tarixinin və milli-mənəvi irsin öyrənilməsinə marağın artırılmasına xidmət edib.