XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
14 May, 2026
Muzeydə “Azərbaycanın ilk qadın xalq rəssamı Maral Rəhmanzadənin yaradıcılığı bu gün” adlı seminar keçirilib

13 may 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycanın ilk qadın xalq rəssamı Maral Rəhmanzadənin yaradıcılığı bu gün” adlı seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Təsviri materiallar fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifova çıxış edərək Maral Rəhmanzadənin Azərbaycan təsviri sənətinin inkişafında mühüm xidmətlərindən, onun yaradıcılığının milli incəsənət tarixində xüsusi yer tutduğundan danışıb. Həmçinin, rəssamın zəngin irsinin gənc nəslə tanıdılmasının vacibliyini vurğulayaraq, Milli Azərbaycan Tarixi Muzeyində qorunan əsərlərin həm bədii, həm də tarixi baxımdan böyük əhəmiyyət daşıdığını qeyd edib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, Təsviri incəsənət kafedrasının dosenti, sənətşünas Aslan Xəlilov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin tələbələri, Muzeyin əməkdaşları iştirak ediblər.

Seminarda sənətşünas Aslan Xəlilov Maral Rəhmanzadə yaradıcılığının tədqiqatçısı kimi çıxış edərək, rəssamın Azərbaycan təsviri sənətindəki yeri, yaradıcılıq xüsusiyyətləri və sənət irsi haqqında ətraflı məlumat verib.

Sonra Muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı Firuzə Ağayeva isə muzeyin Təsviri materiallar fondunda mühafizə olunan Maral Rəhmanzadəyə aid əsərlərin bərpası prosesi, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlərdən danışıb.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan incəsənət tarixində özünəməxsus yeri olan, peşəkar rəssam və ilk azərbaycanlı qadın xalq rəssamı, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Maral Rəhmanzadənin muzeydə qorunan əsərləri əsasında gənc nəslin maarifləndirilməsi, həmçinin belə fədakar sənətkar qadınların tarixdə qoyduğu iz haqqında iştirakçılara məlumat vermək olub.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və tələbələrin sualları ətraflı şəkildə cavablandırılıb.