XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
26 May, 2026
Muzeydə Uşaqlar Gününə həsr olunmuş “Tarixin uşaq izləri” adlı sərgi keçiriləcək

1 iyun 2026-cı il tarixində saat 15:00-da Milli Azərbaycan Tarixi Muzeyində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Tarixin uşaq izləri” adlı sərgi keçiriləcək.

Uşaqlar gününə həsr olunan sərgidə uşaqların dünyasını, onların yaradıcılığını, tarixini və mədəni irsini əks etdirən eksponatlar nümayiş etdiriləcək. Sərgidə muzeyin zəngin kolleksiyasından uşaq geyimləri, məişət əşyaları, arxeoloji tapıntılar, qədim oyuncaqlar, uşaq mövzusunu əks etdirən fotoşəkillər və nəşrlər yer alacaq.

Bununla yanaşı, sərgidə Azərbaycan Fotoqrafları Birliyinin üzvlərinin uşaqlara həsr olunmuş bədii fotoları da təqdim ediləcək.

Sərginin əsas məqsədi tamaşaçılarda tarixə və milli-mədəni dəyərlərə maraq oyatmaq, eyni zamanda uşaqlıq anlayışının keçmişdən bu günə necə dəyişdiyini nümayiş etdirməkdir. Ziyarətçilərə həm maarifləndirici, həm də maraqlı bir səyahət təqdim edəcək sərgi müxtəlif yaş qrupları üçün nəzərdə tutulub.

Qeyd edək ki, sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Fotoqrafları Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.