15 may 2026-cı il tarixində AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Xəzər Universitetinin Tarix və Arxeologiya departamentinin müəllimi, Dr. Yaqub Məmmədovun rəhbərliyi ilə Humanitar, Təhsil və Sosial Elmlər fakültəsinin Tarix müəllimliyi ixtisası üzrə təhsil alan I kurs tələbələri Milli Azərbaycan Tarixi Muzeyində “Muzeydə qorunan Nüydü sikkə dəfinəsi və müasir numizmatik nəticələr” mövzusunda elmi seminarda iştirak ediblər. Muzeyin “Fondların elmi uçotu və təsnifatı” şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova muzeyin ekspozisiyasında nümayiş etdirilən Nüydü sikkə dəfinəsi (e.ə. II–I əsrlər), Qafqaz Albaniyasının pul təsərrüfatı və xarici ticarət əlaqələri barədə ətraflı məlumat verib. O, həmçinin bu dəfinənin elmi tədqiqi nəticəsində əldə olunmuş müasir numizmatik nəticələri açıqlamış, sikkələrin dövrün iqtisadi həyatını, ticarət yollarını və mədəni əlaqələri öyrənmək baxımından mühüm mənbə olduğunu vurğulayıb. Məruzədə Qafqaz Albaniyasının regionda iqtisadi və siyasi mövqeyini əks etdirən faktlar, sikkələrin yayılma arealı və onların digər qədim dövlətlərin pul vahidləri ilə müqayisəsi də diqqətə çatdırılıb. Məruzə ilə əlaqədar hazırlanmış elektron təqdimatda Numizmatika fondunda qorunan bu dəfinənin sikkələri və onların müxtəlif tiplərinin fotoları nümayiş etdirilib.
Seminarı yekunlaşdıran Dr. Yaqub Məmmədov dövrün arxeoloji və numizmatik tapıntılarının tədrisdə əhəmiyyətini vurğulamış, bu materialların tələbələrin elmi dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını qeyd edib. O, mədəni irsimizin qorunmasının və əsaslandırılmış elmi məlumatlarla beynəlxalq miqyasda tanıdılmasının vacibliyini xüsusi olaraq diqqətə çatdırıb. Dr. Məmmədov seminarın təşkilinə görə Muzeyin rəhbərliyinə və numizmat alim Dr. Aygün Məmmədovaya təşəkkürünü bildirib, belə tədbirlərin davamlı şəkildə keçirilməsinin və ənənəyə çevrilməsinin zəruriliyini vurğulayıb.
Sonda tələbələr muzeyin zəngin ekspozisiyasını ziyarət ediblər. Ekskursiya zamanı Dr. Aygün Məmmədova çıxışında qeyd etdiyi sikkə nümunələrini tələbələrə əyani şəkildə təqdim etmiş, onların müxtəlif tipoloji xüsusiyyətləri barədə izah vermişdir. Tələbələr ekspozisiyada nümayiş etdirilən sikkələrin tarixi dövrlər üzrə bölgüsünü, Qafqaz Albaniyasının pul dövriyyəsi və ticarət əlaqələri ilə bağlı elmi nəticələri yaxından müşahidə ediblər və verilən suallar ətraflı cavablandırılıb.