XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
25 Dekabr, 2012
2013-cü il Avropanın ən yaxşı muzeyi adı uğrunda mübarizəyə Azərbaycan da qatılacaq

Avropa Şurası Parlament Assambleyası (AŞPA)Avropa Şurası Parlament Assambleyası (AŞPA) özünün qış sessiyasına qurumun Mədəniyyət, elm, təhsil və mətbuat komitəsinin 2 gün davam etmiş iclaslar çərçivəsində əsas məruzələrdən əlavə, 5 mövzu ətrafında müxtəlif ekspertlərin və dəvət edilmiş siyasi xadimlərin iştirakı ilə dinləmələr keçirilmişdir. Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov həmin toplantılarda iştirak etmiş, müzakirə edilən məsələlərlə bağlı mövqeyini bildirmişdir.


O, demişdir: “Hər il Avropa Şurası Avropa Muzeylər Forumu ilə birgə mədəniyyətlərarası dialoqun mühüm tərkib hissələrindən hesab edilməyə layiq olan əhəmiyyətli bir tədbir keçirir. Müfəssəl təhlil və ekspertizalardan sonra hər növbəti il üçün qitənin ən yaxşı muzeyi müəyyənləşdirilərək Avropa Şurasının muzey prizinə layiq görülür. Təbii ki, Avropada muzeylər çoxdur və hər il də iddiaçılar yetərincə bol olur. Çoxsaylı iddiaçılar arasında seçim çox gərgin fikir mübadilələri əsasında aparılır. Avropa Şurası Parlament Assambleyası Mədəniyyət, elm, təhsil və mətbuat komitəsinin dekabrın 19-da keçirilən iclasına təqdim olunan yekun hesabatda 41 namizəddən cəmi 3 ölkənin 3 muzeyinin adı yer alır. Bunlar İspaniyanın San Sebastian şəhərindəki San Telmo muzeyi, Böyük Britaniyadakı Liverpul muzeyi və Azərbaycanın tarixi sənət qoruğu olan Qobustandır. Əlbəttə, Qobustan açıq səma altında bir muzey olaraq və əhatə etdiyi sənət incilərinin qədimliyi baxımından tamamilə bənzərsizdir. Mən komitədə hazırladığım sənədlərdə də bu fikri ifadə etmişəm ki, belə incilər - Qobustan, Azıx mağarası kimi qədim tarixi yadigarlar yalnız Azərbaycanın iftixarı deyil, bütövlükdə Avropa insanının mədəni təşəkkülünün təməl kərpicləridir. Qobustanın qayaüstü yazı və rəsmləri 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmişdir və bu nailiyyətdə həmin qurumun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Həmin ardıcıl səylər olmasaydı, bu gün Qobustanın adının Avropanın ən yaxşı muzeyləri sırasında ön cərgəyə çıxması da mümkünsüz olardı. Bu hadisə də zahirən sırf mədəniyyətimizin uğuru, Avropa Şurasının, Avropa Muzeylər Forumunun qədim abidələrimizə, incəsənətimizin əbədiyaşar nümunələrinə diqqətinin təzahürü kimi başa düşülsə də, mahiyyət etibarı ilə siyasi məna daşıyır. Çünki bu uğur həm azərbaycanlıların bir xalq, məmləkətimizin bir ölkə olaraq qədimliyini, intellektual və mədəni zənginliyini, dünya sivilizasiyasında üstün məqamını nümayiş etdirir, həm də Vətənimizin Avropada və dünyada daha yüksək səviyyədə tanınıb qəbul edilməsində əsas yardımçıya çevrilir”.