17.06.2021-ci il tarixində saat 11:00-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərginin açılış mərasimi keçirildi. Açılış tədbiri karantin şəraitini nəzərə alaraq məhdud sayda iştirakçı ilə təşkil edilmişdir.
Qeyd edək ki, 2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə 2021-ci ili Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan etmişdir. Həmçinin Azərbaycan dövlətçiliyinin inkişafında böyük rol oynamış Azərbaycan Atabəyləri dövlətinin yaranmasının bu il 885 yaşı tamam olur. Belə ki, Sərginin məqsədi dahi Nizami Gəncəvi və onun yaşadığı dövlətin həyatını tarixi eksponatlar vasitəsilə nümayiş etdirməkdir.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, akademik Nərgiz Axundova, akademik Gövhər Baxşəliyeva, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, AMEA Gəncə bölməsinin dosenti Elnur Həsənov və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan N.Vəlixanlı tədbirin əhəmiyyəti barədə ətraflı məlumat verdi. Akademik qeyd etdi ki, Muzeydə qorunub saxlanılan qiymətli eksponatlar və nümayiş etdirilən qədim əlyazmalar, böyük ədiblərin əsərlərinə miniatürlər, xalq yaradıcılığı və tətbiqi sənət nümunələri, görkəmli şəxsiyyətlərlə bağlı nadir sənədlər, həmçinin müxtəlif əsrlərə aid digər maddi mədəniyyət abidələri ziyarətçilərdə tariximizin və mədəniyyətimizin bu günədək keçdiyi inkişaf yolu barədə ətraflı təsəvvür formalaşdırmağa imkan verir. Həmçinin Muzeyin elmi-kütləvi iş fəaliyyətində Muzey əməkdaşlarının “2021 Nizami Gəncəvi ili” mövzusu ətrafında müxtəlif tədbirlərin keçirlidiyi ilə bağlı məlumat verdi.
Akademik İ.Həbibbəyli Nizami yaradıcılığının elmə verdiyi töhvələr haqqında ətraflı çıxış etdi. İ.Həbibbəyli xalqımızın tarixi yaddaşında silinməz iz qoyan, tükənməz araşdırma mənbəyi olan Nizami yaradıcılığının gələcək nəsillərə örnək və sərgidə nümayiş olunan eksponatların tədqiqat xarakterli olduğunu vurğulayıb. Həmçinin akademik qeyd etdi ki, Milli Azərbaycan Tarixi Muzeyində açılışında olduğumuz bu sərgi Nizami elminin tarixi araşdırılması, Nizami irsi ilə tanış olmaq və klassik irsə məhəbbət hissi aşılamaq baxımından əhəmiyyətli rol oynayır.
Daha sonra f.ü.f.d. B.Əsgərov şairin “Xəmsə”sinə daxil olan əsərlərə istinadən ibrətamiz kəlamlarında yüksək insani dəyərlərə qiymət verdiyini və dünya irsinə layiqli töhfələr bəxş etdiyini bildirib. Həmçinin B.Əsgərov Muzeyin Azərbaycan Atabəyləri dövrü və Nizami dövrünə aid eksponatlara verdiyi qiymətdən danışdı. Qeyd etdi ki, bu dövr Azərbaycan mədəniyyətinin intibahının yüksəliş dövrü olub. B.Əsgərov sərginin hazırlanmasında əməyi keçən hərkəsə öz minnətdarlığını bildirdi.
Sərginin kuratoru Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədov qeyd edib ki, Muzeyin Kitabxanasında və Arxeologiya, Etnoqrafiya, Köməkçi tarixi fənn materialları, Numizmatika, Xüsusi, Silahlar və bayraqlar fondlarında qorunan tarixi eksponatlar nümayiş olunmaq üzrə ümumilikdə 250 eksponat Sərgidə istifadə edilmişdir.
Sərgidə nümayiş olunan eksponatlar XII – XIII əsrin əvvəllərinə aid olub Azərbaycanın əsasən Gəncə, Beyləqan, Bərdə, Mingəçevir, Şabran, Naxçıvan şəhərlərində aşkar olunmuşdur. Bəzi eksponatlar ilk dəfə olaraq ziyarətçilərə təqdim olunacaq. Misal üçün, nümayiş olunan eksponatlar sırasında əski əlifba ilə hazırlanaraq 1909-cu ildə Gəncədə nəşr olunmuş müəllifi Mirzə Məhəmməd Axundov olan “Şeyx Nizami. Tərcümeyi-halı” kitabçası xüsusi maraq doğurur.
Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.