XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 Dekabr, 2012
Rusiya Etnoqrafiya Muzeyinin saytında sual doğuran məlumat

Dünyanın ən böyük etnoqrafiya muzeylərindən olan Rusiya Etnoqrafiya Muzeyinin (Российский Этнографический Музей) saytında maraqlı və eyni zamanda müəmmalı yenilik olunub. Belə ki, saytın “Qafqaz və Krımın etnoqrafiyasından oçerklər” (Очерки по этнографии Кавказа и Крыма) bölümündə “Ermənistan və Azərbaycanın ustaları” adlı məlumat yerləşdirilib.


Belə ki, məlumatda toxuculuq, ağacoyma, daşyonma, metallarla iş, tikmələr, zərgərlik sahələri barədə qısa məlumar verilir. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu şəraitində Azərbaycan və Ermənistan sənətkarlığı barədə məlumatların bir sərlövhə ilə, üstəlik Ermənistanın adının öndə (halbuki rus əlifbasına görə “Azərbaycan” adı “Ermənistan” adından öndə verilməli idi) göstərilməsi sual doğurmaya bilməz. Digər sual doğuran məqam ondan ibarətdir ki, XVIII – XX əsr Azərbaycan xalçalarından ibarət böyük kolleksiyaya malik olan muzey nədənsə saytında yerləşdirdiyi məlumatda Azərbaycan xalça sənətkarlığı və xalça ustaları barədə məlumat verməyib. Qeyd etmək lazımdır ki, bu ilin mayında Rusiya Etnoqrafiya Muzeyində “Cənubi Qafqazın xalqları” adlı müvəqqəti sərgi keçirilmişdir. Muzeyin digər müvəqqəti sərgilərinin fotoları saytda yerləşdirildiyi halda, nədənsə bu sərginin fotoları saytda verilməyib. Dünya muzeylərində qurulan ekspozisiya və sərgiləri ilə tanış olmaq, Azərbaycan xalqının tarix-mədəni abidələrinin digər xalqların adı ilə verilməsinin qarşısının alınması təkcə Azərbaycanın muzey mütxəssisləri deyil, həmçinin geniş ictimaiyyət, o cümlədən xaricdə yaşayan azərbaycanlıların vətən qarşısında mənəvi borcudur.