XƏBƏRLƏR
XƏBƏRLƏR -
19 Fevral, 2020
Muzeydə "Hacı Zeynalabdin Tağıyev uşaqlar üçün" adlı kitabın təqdimatı olub

Milli Azərbaycan Tarixi Muzeyində tanınmış Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadənin müəllifi olduğu "Hacı Zeynalabdin Tağıyev uşaqlar üçün" kitabının (Bakı: Şərq-Qərb, 2020, 28 s.) təqdimatı keçirilib. Azərbaycanın görkəmli xeyriyyəçisi, “El atası” kimi tanınan H.Z.Tağıyevə həsr edilmiş kitab yeni nəşr olunub. Bəhram Bağırzadənin bu kitabı satışa çıxarılmayıb və müəllif bu əsərini uşaqlara hədiyyə edəcəyini vəd edib. "Sizi, Azərbaycanın böyük övladlarından biri olan H.Z.Tağıyevə böyük sevgi və hörmətlə yaradılan bir kitab gözləyir. H.Z.Tağıyevin həyatı və taleyi vətənə və xalqa xidmətin ən yaxşı nümunəsidir" deyən müəllif bu kitabını muzeydə onunla görüşə gələnlərə hədiyyə edib. Təqdimat mərasimində muzeyin elmi katibi, dos. Fərhad Cabbarov da çıxış edib. Onun da məsləhətçilərindən biri olduğu kitabda müxtəlif saytlardan götürülmüş müsahibələrdən, məqalələrdən, elmi işlərdən, kitab və materiallardan istifadə olunub.