XƏBƏRLƏR
XƏBƏRLƏR -
03 Mart, 2020
Muzeydə “Dörd ünsürdən biri – od çərşənbəsi” adlı musiqili-əyləncəli tədbir keçirilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Dörd ünsürdən biri – od çərşənbəsi” adlı musiqili-əyləncəli bayram tədbiri keçirilib. Tədbir Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsi tərəfindən təşkil olunmuşdur. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı gələn qonaqları salamlayaraq, Azərbaycanın əziz milli bayramı olan “Novruz” və od çərşənbəsinin qeyd olunmasının əhəmiyyətindən danışdı. Tarixçi alim Novruzun əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərilməsi kimi sağlam bir təməl yaratmasını bildirib. Sonra Muzeyin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Gülzadə Abdulova bayramın atributlarından söz açaraq, tarixi dəyərləri yaşatmağın vacibliyini qeyd edib. Od çərşənbəsi elimizin adət ənənələrinə görə "Üsgü çərşənbə” də adlanır. Qədim zamanlardan Novruz bayramı bu çərşənbələrlə tanınır və məhz ikinci çərşəbənin odun adı ilə bağlı olması da məncə təsadüf deyildir. Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Daha sonra tədbirə dəvət olunan Azərbaycan Dövlət Akademik Musiqi Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı və Aztv kanalının solistlərinin ifasında musiqi və səhnələr ifa olunub. Azərbaycan Dövlət Akademik Musiqi Teatrının rejissoru Elməddin Dadaşovun aparıcılığı ilə tədbirdə yaddaqalan musiqili ifalar nümayiş etdirən ifaçılar – Rövşən Hüseynov (klarnet), Şaiq Əsədov (zurna), Mollağa Əliyev (nağara), “O səs Türkiyə” yarışmasının finalçısı İlham Əsgəroğlu (saz), AzTV və Radiosu solisti, 2017-ci ildə Muğam müsabiqəsi qalibi Səma Sultan, Vaqif Mustafazadə adına “Sevil” qızlar ansamblının xanım solistləri (bədii rəhbər: Rəna Talibova), müğənni Orxan Abdullayev, aktrisa Telli Hüseynova və A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının məharətli aktyorlarının nümayiş etdirdikləri səhnələr muzey əməkdaşlarında xoş təəssüratlar yaradıb. Tədbirdə Muzeyin Bərpa laboratoriyasının əməkdaşlarının əl işlərindən ibarət yüksək zövqlü və rəngarəng sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.