Görkəmli sənətkar, Azərbaycan SSR xalq artisti Məmmədəli Vəlixanlı 15 mart 1899-cu ildə Bakıda anadan olub. "Səfa" mədəni-maarif cəmiyyəti nəzdindəki məktəbdə təhsil alıb. Həmin dövrdə Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalov "Səfa"nın teatr truppasında əsas simalardan biri idi. O, 1912-ci ildə quruluş verdiyi Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasının tamaşasında Bədəl rolunu təbiətən çevik və hər şeyə maraq göstərən Məmmədəli Vəlixanlıya tapşırıb. Bununla da gələcək aktyorun sənət yolunda ilk addımı atılıb. Sənət fəaliyyətinə başladığı ilk illərdə "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah İsmayıl" operalarında xorda oxuyan M.Vəlixanlı tədricən dram tamaşalarında sözsüz rollarda səhnəyə çıxıb. Məmmədəli Vəlixanlı teatrda çalışdığı müddətdə Bakı Teatr Texnikumunda təhsilini davam etdirib (1927-1930).
Otuzuncu illərin sonlarında aktyor Məmmədəli Vəlixanlı Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (Mirzə Həbib), Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (Hacı Qəmbər), Sabit Rəhmanın "Xoşbəxtlər", "Əliqulu evlənir" və "Nişanlı qız" (Mirzə Qərənfil, Mindilli, Xəlil), Mirzə İbrahimovun "Həyat" (Pardon Qurbanəli), Nikolay Qoqolun "Müfəttiş" (Osip) komediyalarında öz ifası ilə silinməz izlər qoyub. Faciə və dramatik janrda yazılmış Hüseyn Cavidin "Səyavuş" (Kosa), Vilyam Şekspirin "Qış nağılı" (Avtolik), "On ikinci gecə" (Ser Endri), "Maqbet" (Qapıçı), Mehdi Hüseynin "Cavanşir" (Saran), Konstantin Trenyovun bizdə "Düşmənlər" adıyla oynanmış "Lyubov Yarovaya" (Pikalov), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Robinzon), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Əmrah), Fridrix Şillerin "Qaçaqlar" (Vurm), Səməd Vurğunun "Xanlar" (Araq Şəmistan), İmran Qasımov və Həsən Seyidbəylinin "Uzaq sahillərdə" (Rosselini), Brandon Tomasın "Tələbələrin kələyi" (Əli), Boris Lavrenyovun "Amerikanın səsi" (Skundirell), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Mürsəl kişi), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (Dərviş) pyeslərinin səhnə təfsirlərində yumoristik və komik-dramatik rollara səhnə ömrü bəxş edib.
Məmmədəli Vəlixanlı milli xarakter yaratmaqda, xalq teatr tamaşaları estetikasını səhnədə yaradıcılıqla realizə etməkdə mahir ustad idi.Teatr sənətimizin inkişafındakı xidmətlərinə görə Azərbaycan SSR əməkdar artisti (4 dekabr 1938) və xalq artisti (21 iyul 1949) fəxri adlarına layiq görülüb.
Dahi sənətkar 12 aprel 1969-cu ildə vəfat edib. Bakıda ikinci Fəxri xiyabanda dəfn olunub.
30 may 2019-cu il tarixində Azərbaycanın görkəmli teatr xadimi, Xalq artisti Məmmədəli Vəlixanlının 120 illik yubileyi qeyd olunmuşdur. Tədbirdə M.Vəlixanlının yaxın dostu olmuş, dahi dramaturq Cəfər Cabbarlının "Almaz" pyesi nümayiş etdirilmişdir.
Qeyd edək ki, dahi sənətkar Məmmədəli Vəlixanlıya aid təqdim olunan materiallar Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda qorunur. Materiallar Azərbaycan teatr tarixinin tədqiqi baxımından əhəmiyyətlidir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.