XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
05 Dekabr, 2022
Milli Azərbaycan Tarixi Muzeyinin 2022-ci ildə gördüyü işlərin hesabatı (I hissə)

Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrası ilə əlaqədar tapşırılmış işlərin yerinə yetirilməsi haqqında məlumat

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan olunması haqqında” 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə əlaqədar olaraq, Milli Azərbaycan Tarixi Muzeyində bir sıra işlər görülmüşdür. Ötən il təsdiq edilmiş fəaliyyət planına uyğun olaraq, cari il noyabrın 2-də muzeydə Şuşa şəhərinin əsasının qoyulmasının 270 illiyinə həsr olunmuş “Xarıbülbülün vətəni - Şuşa” sərgisi açılmışdır. Şuşa tarixinin müxtəlif dövrlərini əks etdirən zəngin eksponatlar əsasında hazırlanmış sərgidə 300-dən artıq muzey materialı, informasiya panelləri, fotoşəkillər, rəsm əsərləri nümayiş olunmuşdur (icraçılar: Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsi, Fondların elmi uçotu və təsnifatı şöbəsi).

Muzeyin alimləri Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin məzar daşının Milli Azərbaycan Tarixi Muzeyinə gətirilmə tarixçəsini araşdıraraq, daşın 1947-ci ildə Ağdam rayonundakı İmarət qəbiristanlığında tədqiq edildiyini, 1974-cü ildə Bakıya gətirildiyini və muzeyə verildiyini müəyyənləşdirmişlər. Pənahəli xanın məzar daşının muzeyin ekspozisiyasında daimi nümayiş etdirilməsi məqsədilə hesabat dövründə xanın İmarət qəbiristanlığındakı türbəsinin texniki göstəriciləri, onun tarixi haqqında məlumatlar, işğaldan əvvəl və sonrakı görüntülər toplanmışdır, həmçinin muzeydə türbənin maketinin yaradılması istiqamətində dizayn işləri görülmüşdür. İyunun 20-də türbənin maketinin, həmçinin, muzeyin kolleksiyasında qorunan Qarabağ xanlığına aid unikal eksponatların təqdimat mərasimi keçirilmişdir (icraçılar: Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsi, Bərpa laboratoriyası).

Sərəncamın icrası çərçivəsində görülən silsilə tədbirlər çərçivəsində oktyabrın 28-də “Azad Şuşanın ilk qarı” fotosərgisi açılmışdır. Sərgidə 2020-ci il dekabrın 18-də muzeyin əməkdaşı, fotoqraf Mirnaib Həsənoğlunun azad Şuşada çəkdiyi ilk qara həsr olunmuş 50-dən artıq fotoşəkil nümayiş edilmişdir (icraçılar: Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsi, Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsi).

Muzeydə həmçinin Qarabağ tarixinin ayrı-ayrı problemlərinin tədqiqi istiqamətində də işlər görülmüşdür. Tanınmış Azərbaycan ziyalısı, əslən Şuşadan olan Mir Möhsün Nəvvabın muzeyin kolleksiyasında qorunan silah kolleksiyası ilk dəfə tədqiqata cəlb olunmuş, həmçinin “Mir Möhsün Nəvvab və onun silah kolleksiyası” adlı kitab (Azərbaycan və ingilis dillərində) çap edilmişdir (icraçı: Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov).

Noyabrın 1-də muzeydə “Qarabağın tarixi-mədəni irsi” mövzusunda respublika elmi konfransı keçirilmişdir. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin alimləri ilə yanaşı AMEA-nın elmi tədqiqat institutlarının, muzeylərin, ali məktəblərin əməkdaşları iştirak etmiş, Qarabağın tarixinə, arxeologiyasına, etnoqrafiyasına, epiqrafikasına, görkəmli şəxsiyyətlərinə həsr olunmuş 30-a yaxın məruzə dinlənilmişdir (icraçı: Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, t.e.d. Nərgiz Əliyeva).

Hesabat dövründə “Qarabağda və Zəngəzurda ilk erməni-azərbaycanlı münaqişəsi (1905-1906-cı illər)” monoqrafiyası çapa hazırlanmışdır. Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə arxivlərində qorunan sənədlər, dövri mətbuat materialları əsasında yazılan bu monoqrafiya Qarabağda və Zəngəzurda ilk erməni-azərbaycanlı münaqişəsinin necə baş verdiyi, iki xalq arasında bu günə qədər davam edən gərginliyin, ədavətin necə qızışdırıldığı haqqında suallara cavab verir. Əsərdə, həmçinin, erməni terroruna qarşı müqavimətin təşkil olunması, Qarabağ və Zəngəzurdakı hadisələrin Azərbaycan cəmiyyətində siyasi birləşmə, milli həmrəylik proseslərinə təsiri məsələlərinə də geniş yer ayrılıb (icraçı: icraçı direktor, t.ü.f.d. Fərhad Cabbarov).

Muzeydə həmçinin “Qarabağın sənət irsi” monoqrafiyası çapa hazırlanmışdır. Əsərdə XIX-XX əsrin əvvəllərində bölgədə intişar tapmış sənət sahələri araşdırılmış, Azərbaycan sənətkarlıq mədəniyyəti kontekstində Qarabağ sənətkarlığının yeri müəyyənləşdirilmişdir. Xalçaçılıq, ipəkçilik, dəriişləmə, daşişləmə və başqa sənət sahələrinin tarixi və inkişafı ilə bağlı çöl materialları əsasında yeni məlumatlar elmi dövriyyəyə gətirilmişdir (icraçı: Etnoqrafiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d. Gülzadə Abdulova).

“Şuşa İli” çərçivəsində muzeydə məktəblilər üçün ustad dərslər təşkil olunmuşdur. Qarabağın tarixinin, həmçinin muzeyin kolleksiyasının populyarlaşdırılması məqsədilə hesabat dövründə Bakı şəhərindəki 15 məktəbin şagirdləri, şəhid övladları, daun sindromlu şəxslər üçün “Xarıbülbül – Şuşanın simvolu”, “Şuşa qalasının açarı” mövzusunda 30-dan çox ustad dərs keçirilmiş, həmin dərslərin iştirakçıları üçün mühazirələr, ekskursiyalar aparılmışdır. Mayın 27-29-da muzeydə “Qarabağın incisi - Şuşa” adlı rəsm əsərləri və əl işlərinin II respublika sərgi-müsabiqəsi keçirilmişdir (icraçı: İnnovasiyalar və təhsil proqramları şöbəsi).

Muzeyin nəzdində fəaliyyət göstərən “Arxeoklub”un məşğələlərində “Qarabağın daş dövrü arxeoloji kolleksiyası” və “Qarabağın maddi mədəniyyət abidələri Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi” mövzusunda seminarlar təşkil olunmuş, klubun üzvləri üçün mühazirələr oxunmuşdur (icraçı: Arxeologiya elmi-fond şöbəsi).

Azərbaycan Respublikası Prezidentinin “Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” 3 oktyabr 2022-ci il tarixli sərəncamına uyğun olaraq muzeydə “Ömər Faiq Nemanzadə” fotoalbomu nəşrə hazırlanmışdır (icraçı: icraçı direktor, t.ü.f.d. Fərhad Cabbarov). Alboma cari ildə Ö.F.Nemanzadənin varisləri tərəfindən muzeyə hədiyyə etdiyi orijinal fotoşəkillər daxil edilmişdir. Həmçinin oktyabrın 18-də muzeydə Azərbaycan Slavyan Universitetinin müəllim və tələbələrinin iştirakı ilə Ö.F.Nemanzadəyə həsr olunmuş elmi seminar keçirilmişdir (icraçı: Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsi).