Beynəlxalq əlaqələr
Hesabat dövründə muzeyin beynəlxalq əlaqələrinin genişləndirilməsi üçün işlər görülmüşdür. Yanvarın 17-də muzeydə Rusiya Federasiyasının Xantı-Mansiysk şəhəri Geologiya, neft və qaz muzeyinin nümayəndə heyəti ilə görüş keçirilmiş, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. Martın 10-da isə iki muzey arasında anlaşma memorandumu imzalanmış, qarşılıqlı sərgilərin təşkili, muzey işi, elmi tədqiqatlar sahəsində əməkdaşlıq haqqında razılıq əldə olunmuşdur.
Fevralın 18-də Arxeologiya elmi-fond şöbəsinin elmi işçisi, t.ü.f.d. Həbibə Əliyeva Türkiyənin Quşadası yarımadasında “Mədəni miras və tarixi abidələr” mədəniyyət dərnəyinin təşkilatçılığı ilə keçirilən onlayn görüşdə “Azərbaycanın qoçbaşı məzar daşları” mövzusunda mühazirə ilə çıxış etmişdir.
Martın 10-da təşkil olunmuş “Müasir arxeoloji tədqiqatlar: qabaqcıl texnologiyalar və perspektivlər” mövzusunda elmi seminarda Almaniyanın Julius-Maximilians adına Vürtsburq Universitetinin professoru Martin Qruber arxeoloji kəşfiyyat və qazıntı prosesində istifadə olunan müasir texnologiyalar və tədqiqat üsulları haqqında məruzə ilə çıxış etmişdir. Seminarda muzey əməkdaşları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbə və magistrantları iştirak etmişlər.
Mayın 5-də muzeyin Gənc Alim və Mütəxəssislər Şurası və Böyük Britaniyada fəaliyyət göstərən “Qafqaz Zaman Çərçivəsində Şəbəkəsi”nin (The Caucasus Through Time Network) birgə təşkilatçılığı ilə “Azərbaycanda müxtəlif identifikasiyalar üzərindən multikultural hekayələr: antropoloji və etnoqrafik yanaşmalar” adlı beynəlxalq seminar keçirilmişdir. Seminar Zoom platforması üzərindən baş tutmuşdur. Muzeyin gənc alimləri əcnəbi həmkarlarına öz tədqiqatları barədə məlumat veriblər.
“Özbəkistan mədəni irsi dünya kolleksiyalarında” beynəlxalq layihəsi çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində Özbəkistan tarixinə və mədəniyyətinə aid eksponatlar seçilmiş və Daşkənddəki “Zamon-Press-İnfo” nəşriyyatına göndərilmişdir.
Mayın 9-12-də Türkiyənin Aydın şəhərində Adnan Menderes Universitetində muzeyin qocaman əməkdaşı, tanınmış numizmat alim, professor Əli Rəcəblinin 95 illiyinə həsr olunmuş II Beynəlxalq Balkanlar, Anadolu, Qafqaz və Türküstan coğrafiyasında sənət, mədəniyyət, tarix və folklor konqresi keçirilmişdir. Milli Azərbaycan Tarixi Muzeyinin də təşkilatçılarından biri olduğu bu konqresdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızstan, Özbəkistan, Makedoniya, Albaniya, Gürcüstan, Almaniya, Moldova, Bolqarıstan, Ruminya və Rusya alimləri iştirak etmişlər.
Oktyabrın 5-də Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri t.e.d. Nərgiz Əliyeva Ankarada keçirilmiş XIX Türk Tarix Konqresində “Azərbaycanda Səlcuqlar dövründə xristianlığın yeri” mövzusunda məruzə ilə çıxış etmişdir.
Oktyabrın 21-də Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov Parisdə YUNESCO-nun mənzil-qərargahında “Mədəni irsin aşkarlanması və qorunub saxlanılması sahəsində regional əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda “Gürcüstan Milli Muzeyinin eksponatları Qarabağın Azərbaycan etno-mədəni irsinin öyrənilməsində mənbə kimi” adlı məruzə ilə çıxış etmişdir.
Noyabrın 4-də muzeyin icraçı direktoru, t.ü.f.d. Fərhad Cabbarov İstanbulda Beynəlxalq Əhməd bəy Ağaoğlu Simpoziumunda “Əhməd bəy Ağaoğlunun 1905-1906-cı illər erməni-azərbaycanlı münaqişəsi dövründə fəaliyyəti” adlı məruzə ilə çıxış etmişdir.
Cari ildə muzey əməkdaşları xaricdə (Böyük Britaniya, Rusiya, Türkiyə, Özbəkistan, Makedoniya və digər ölkələrdə) onlayn və əyani formatda keçirilmiş 32 beynəlxalq elmi tədbirdə iştirak etmişlər.
Qrant layihələri haqqında məlumat
Muzeyin Arxeologiya elmi-fond şöbəsinin kiçik elmi işçisi Aslan Qasımovun rəhbərlik etdiyi “Qobustan qayaüstü təsvirlərinin xronologiyasının dəqiq dövrləşmə metodları ilə müəyyən edilməsi” layihəsi (Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı) çərçivəsində mart, aprel və may aylarında fasilələrlə Qobustan ərazisində ekspedisiyalarda olub. Ekspedisiya üzvləri Qobustan Milli Tarix-Bədii Qoruğu ərazisində analizlər üçün nümunələr toplamış, petroqliflərin qeydiyyatını, çöl tədqiqatları və müşahidələr aparmışlar.
Nəşriyyat fəaliyyəti, elmi məqalələr
Cari ildə muzey əməkdaşlarının 3 kitabı nəşr olunub:
- Əliyeva N. Azərbaycanda islam mədəniyyəti (VII-XIII əsrin əvvəlləri). Dubay: İrs, 2022, 360 səh. (ərəb dilində).
- Əhmədov S. Silahın mistik gözəlliyi. Bakı: Apostrof-A, 2022, 338 səh. (Azərbaycan və ingilis dillərində).
- Əhmədov S. Mir Möhsün Nəvvab və onun silah kolleksiyası. Bakı: Təhsil, 2022, 105 səh. (Azərbaycan və ingilis dillərində).
Aşağıda adları göstərilən kitablar nəşrə hazırlanmışdır:
- Milli Azərbaycan Tarixi Muzeyinin elmi məqalələr toplusu.
- Cabbarov F. Qarabağda və Zəngəzurda ilk erməni-azərbaycanlı münaqişəsi (1905-1906) (monoqrafiya).
- Əliyeva N. “Kitab əl-Müştərik” əsərində Azərbaycan və Qafqaz (monoqrafiya).
- Abdulova G. Qarabağın sənət irsi (monoqrafiya).
- Azərbaycan xalqının toy adətləri. Kataloq. Tərtibçi: T.Şiriyev.
- Çay dəsgahı. Kitab-albom. Tərtibçi: F.Qəniyeva.
- Azərbaycan xalqının hamam mədəniyyəti. Kitab-albom. Tərtibçi: N.Qarayeva.
- Milli Azərbaycan Tarixi Muzeyinin qələmkarlar kolleksiyası. Kataloq. Tərtibçi: S.Nəsirova.
- Gəncə-Qazax xalçaları. Kataloq. Tərtibçi: S.Nəsirova.
- Ömər Faiq Nemanzadə. Fotoalbom (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında). Tərtibçilər: F.Cabbarov, Ü.Pepinova.
- Azərbaycan memarlıq abidələri rəsm əsərlərində. Kataloq. Tərtibçi: N.Yusifova.
- Azərbaycanın görkəmli şəxsiyyətləri medalyer sənətində. Kataloq. Tərtibçi: S.Qasımova.
- Azərbaycanın orta əsr basmanaxışlı qabları. Kataloq. Tərtibçi: A.İsmayılova.
Hesabat dövründə muzey əməkdaşlarının jurnallarda 52 elmi, 18 elmi-populyar məqaləsi, 30 məruzəsi çap olunmuşdur. Xarici elmi jurnallarda çıxan məqalələrin sayı 28-dir, onlardan 4-ü impakt faktorlu jurnallarda çap olunub.
Muzey əməkdaşlarının iştirak etdiyi elmi forumlar
Hesabat dövründə muzeyin 31 əməkdaşı 9 respublika və 41 beynəlxalq səviyyəli elmi forumlarda iştirak etmişlər.
Muzeydə keçirilmiş konfranslar, seminarlar
Cari il noyabrın 1-də Milli Azərbaycan Tarixi Muzeyində “Qarabağın tarixi-mədəni irsi” mövzusunda respublika elmi konfransı keçirilmişdir (ətraflı: səh. 4).
Muzeydə 5 elmi seminar təşkil olunmuşdur:
- “Tarix-diyarşünaslıq muzeylərinin Vətən müharibəsi mövzusunda məktəblilərlə bağlı fəaliyyəti” (28 yanvar);
- “Mart soyqırımı – insanlığa qarşı cinayət” (28 mart);
- “Tarixi abidələr və onların mədəni irsin təbliğində rolu” (18 aprel);
- “Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti” (26 may);
- Ö.F.Nemanzadənin 150 illik yubileyinə həsr olunmuş seminar (18 oktyabr).
Kadr hazırlığı
Cari ildə muzeydə mövcud olan 185 ştat vahidindən 162 əməkdaş (onlardan 40 nəfər elmi işçi) fəaliyyət göstərib, 15 əməkdaş sosial məzuniyyətdədir, 8 ştat vakantdır. Əməkdaşlardan 1 nəfər akademik, 2 nəfər elmlər doktoru, 22 nəfər fəlsəfə doktoru, 15 nəfər dosentdir. Muzeyin fəlsəfə doktoru hazırlığı üzrə 7 dissertantı, elmlər doktoru hazırlığı üzrə 9 dissertantı, 1 qiyabi doktorantı var. Hesabat dövründə muzeyin elmlər doktoru hazırlığı üzrə dissertantı Fərhad Cabbarov dissertasiyasını müdafiə etmiş, fəlsəfə doktoru hazırlığı üzrə 2, elmlər doktoru hazırlığı üzrə 2 dissertant ilkin müzakirədən keçmişlər. Doktorant Emin Məmmədov fəlsəfə doktoru diplomunu almışdır.
Elmi-təşkilati fəaliyyət
Hesabat dövründə muzey təsdiq olunmuş struktur üzrə fəaliyyət göstərmişdir. Elmi Şuranın 8 iclası keçirilmişdir.