XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
23 Yanvar, 2013
Hacı Zeynalabdin Tağıyev

Hacı Zeynalabdin Tağıyev

Xeyriyyəçi, maarifpərvər və ictimai xadim Tağıyev Hacı Zeynalabdin Tağı oğlu 1838-cü il (bəzi mənbələrdə 1823) yanvar ayının 25-də Bakıda başmaqçı ailəsində anadan olmuşdur. Kiçik yaşlarından fəhləlik etmiş, 15 yaşından bənnalığa başlamışdır.


1873- cü ildə neftçıxarma işinə sərmayə qoymuş, sahibkarlıq fəaliyyətinə başlamışdır. 1878-ci ildə Tağıyevin mədənində baş verən neft fontanı onu Bakının zəngin sahibkarlarından birinə çevirmişdir. 70-ci illərin sonunda o, artıq 3 neft zavodunun sahibi idi. Tağıyev həm neftxuda, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi (bütün Kürətrafı və Xəzərqırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi olmuşdur. O, müsəlmanların mənafeyi ilə bağlı ictimai-siyasi məsələlərdə daim fəallıq göstərmiş, onun vəsaiti hesabına Ə.Axundzadənin, S.M.Qənizadənin, N.Nərimanovun və b. kitabları çap olunmuşdur. 1879-cu ildə Bakıya su kəməri çəkdirmiş, 1901-ci ildə 325 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirmişdir. Bu, bütün Zaqafqaziyada yeganə qız məktəbi idi. Onun himayə etdiyi, təqaüd verdiyi şəxslər sonradan öz ölkələrinin, xalqlarının görkəmli nümayəndələri olmuşlar. N.Nərimanov, M.Əzizbəyov, Ə.Topçubaşov, N.Yusifbəyli, L.Behbudov, Q.Qarabəyli, B.Cavanşir, M.D.Hüseynov, M.H.Vəzirov, Ş.Məmmədova və b. H.Z.Tağıyevin köməyi sayəsində təhsil almışlar. O, yeni tipli təhsil ocaqlarını ərəb, fars və türk dillərində kitablarla və məktəb avadanlığı ilə təmin etmiş, onlara nağd pulla yardım göstərmişdir. H.Z.Tağıyevin bir sıra qәzet vә jurnalların nәşrindә (“Kaspi”, “Hәyat”, “Tazә һәyat”, “Füyuzat” vә s.), mәdәni-maarif cәmiyyәtlәrinin təsis edilib fəaliyyət göstərməsində böyük əməyi olmuşdur. Onun 1880-ci ildә Bakıda tikdirdiyi ilk teatr binası xalq arasında “Tağıyev teatrı” adlanırdı. Sovet hakimiyyəti qurulduqdan sonra Tağıyevin bütün müəssisələri milliləşdirildi. Ona Mərdəkandakı bağında yaşamağa icazə verildi. N.Nərimanov Azərbaycan sovet hökumətinə rəhbərlik etdiyi dövrdə ona xeyirxah münasibət bəsləmiş, onu bolşevik hakimiyyətinin təhqiramiz tədbirlərindən qorumuşdur. H.Z.Tağıyev 1924-cü il sentyabr ayının 13-də Mərdəkanda vəfat etmiş, Axund Əbuturab məqbərəsində dəfn edilmişdir. Adına qəsəbə, küçə, məktəb var.