XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
31 Yanvar, 2013
AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi hesabat vermişdir

AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin hesabatı

Yanvarın 30-da AMEA rəyasət heyətinin binasında AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) 2012-ci ildəki elmi-təşkilati fəaliyyətinin yekunları ilə bağlı hesabat iclası keçirilmişdir. İclasda Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyi, həmçinin şöbə və fond müdirləri iştirak etmişlər.


Tədbir iştirakçıları əvvəlcə ötən il bölmənin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin əməkdaşları tərəfindən nəşr etdirilmiş kitablarla tanış olmuşlar. AMEA-nın prezidenti, akademik Mahmud Kərimov iclası açaraq 2012-ci ildə Humanitar və İctimai Elmlər Bölməsinin gördüyü işlərdən danışmışdır. İclasda Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayevin HİEB-in elmi-tədqiqat müəssisələrinin 2012-ci ildəki elmi-təşkilati fəaliyyəti və bölmə üzvlərinin fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilmişdir. Məruzəçi bildirmişdir ki, hesabat dövründə dövlətin elm siyasətindəki əsas prinsipləri, Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət Proqramında nəzərdə tutulan tələbləri rəhbər tutularaq bölmədə kompleks tədbirlər həyata keçirilmiş, aparılan elmi-tədqiqat işləri Azərbaycanın dövlət müstəqilliyinə, sosial-iqtisadi və mədəni-mənəvi, intellektual inkişafına, ictimai-siyasi sabitliyinə, milli təhlükəsizliyinə, ölkənin beynəlxalq aləmə fəal inteqrasiyasına və bu prosesdə maddi-mənəvi dəyərlərin qorunmasına istiqamətlənmişdir. Kamal Abdullayev ötən il əldə olunmuş nailiyyətlər, mühüm hadisələr, yeni nəşrlər haqqında ətraflı məlumat vermişdir. Nəzərə çatdırılmışdır ki, bu elmi əsərlər sırasında akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi xüsusi əhəmiyyət kəsb edir. Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin müvafiq sərəncam və fərmanlarına uyğun olaraq bölmənin müxtəlif institutlarında görkəmli mütəfəkkir və alimlərimizin yubileyləri yüksək səviyyədə qeyd edilmişdir. Bildirilmişdir ki, hesabat ilində akademiklər Nailə Vəlixanlı, Ağamusa Axundov, Ömər Eldarov, Vasim Məmmədəliyev, Ziyad Səmədzadə, İsa Həbibbəyli, Teymur Bünyadov, İsmayıl Hacıyev, AMEA-nın müxbir üzvləri Yaqub Mahmudov, Teymur Kərimov. Səlahəddin Xəlilov, Tofiq Hacıyev, Nizami Cəfərov, Rafael Hüseynov və digərlərinin yorulmaz fəaliyyəti Azərbaycan elminin inkişafına mühüm töhfələr vermişdir. İclasda akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvləri Yaqub Mahmudov, Tofiq Hacıyev və başqaları çıxış edərək müəssisələrin elmi istiqamətləri üzrə əldə olunan mühüm nəticələrdən danışmış, hesabatı qənaətbəxş hesab etmişlər. Tədbirdə, həmçinin bölmənin perspektiv fəaliyyəti müəyyənləşdirilmiş, müxtəlif məsələlər müzakirə edilmiş, təklif və iradlar səsləndirilmişdir.  Sonda AMEA rəyasət heyətinin qərarına əsasən, AMEA-nın Humanitar və İctimai və Elmlər Bölməsinin hesabatı təsdiq edilmişdir.