XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
08 Fevral, 2013
“Azərbaycan xalçaları” elmi-bədii jurnalının carpetsmagazine.com ünvanlı saytı istifadəyə verilmişdir

 “Azər-İlmə” xalçaçılıq şirkətinin təsis etdiyi “Azərbaycan xalçaları” elmi-bədii jurnalının carpetsmagazine.com ünvanlı saytı istifadəyə verilmişdir. Şirkətdən AzərTAc-a bildirmişlər ki, Azərbaycan, rus, ingilis dillərində hazırlanan sayt zövqlü tərtibatı ilə seçilir. Saytda “Azərbaycan xalçaları” jurnalının indiyədək işıq üzü görmüş beş nömrəsi yerləşdirilmişdir. Oxucuların


jurnaldakı məqalələri daha rahat şəkildə oxumaları üçün ayrıca bölmələr yaradılmışdır. “Azərbaycan xalçaları” elmi-bədii jurnalı 2011-ci ildə “Azər-İlmə” xalçaçılıq şirkəti tərəfindən təsis edilmişdir. Jurnal ötən il iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na daxil edilmişdir. “Azərbaycan xalçaları” jurnalının təsis edilməsinin əsas məqsədi Azərbaycan xalçalarını təbliğ etmək, onların tarixinə bir daha nəzər salmaq, qaranlıq məqamları araşdırmaq, onun dünya mədəniyyətindəki mövqeyini möhkəmləndirməyə yardımçı olmaqdır. Rəngbərəng ilmələrdən toxunan zərif, əsrarəngiz, bənzərsiz naxışlarla bəzədilən xalçalar ilk baxışdan, sadəcə, gözəl əl işi kimi görünsə də, əslində, özündə bir dünyalıq sirr gizlədir. Hər naxışın, hər rəngin öz mənası, öz tarixçəsi vardır. Xalqımızın qürur mənbəyi olan, nəsillərdən nəsillərə yadigar qalan xalçaçılıq sənəti həm də incəsənətimizin dünya mədəniyyətinə inteqrasiyasında bir vasitədir. Buna görə də milli xalçalarımızın araşdırılması və dünya ictimaiyyətinə təqdim edilməsi bir zərurət kimi meydana çıxmışdır. Nəşrin baş redaktoru professor Vidadi Muradovdur.