Davud Ağa oğlu Axundov 1918-ci il fevral ayının 14-də Bakı şəhərində anadan olmuş, 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1942-ci ildən layihəçi memar kimi əmək fəaliyyətinə başlamış, Bakıda, Sumqayıtda, Ağdamda, Mingəçevirdə və digər şəhərlərdə bir sıra yaşayış binalarının müəllifi olmuşdur. 1949-1963-cü illərdə onun layihələri əsasında Bakı,
Krasnovodsk, Mahaçqala, Həştərxan və s. şəhərlərdə 100-dən artıq çoxmərtəbəli yaşayış evləri, yataqxana, klub, sənaye binaları tikilmişdir. 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunda çalışmış, 1968-ci ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1970-2003-cü illərdə Memarlıq konstruksiyaları kafedrasının müəllimi olmuş Axundov qədim Azərbaycan memarlığının nəzəri məsələlərinə dair bir çox elmi əsərin müəllifidir. Qafqaz Albaniyasının bütpərəstlik və xristianlıq dövrü memarlığının ilk tədqiqatçısı olan Axundov memarlıqda bu istiqamətin əsasını qoymuşdur. Onun “Qədim və orta əsrlər Azərbaycan memarlığı” (1986, rus dilində) adlı monoqrafiyasında Qafqaz Albaniyası dövründə Azərbaycan memarlığının inkişaf mərhələləri araşdırılmışdır. Davud Axundov islamaqədərki və ondan sonrakı dövrün memarlıq abidələri ilə bağlı elmi araşdırmalar aparmışdır. Davud Axundov yeni nəzəriyyə irəli sürmüşdür. Onun nəzəriyyəsinə görə Bakının simvolu olan Qız qalası əslində zərdüştlük məbədi və qədim rəsədxanadır. Bu fikir qalanın əvvəl qəbul olunmuş, tikilmə məqsədi təsəvvürlərinin tam əksi idi. Qədim Qafqaz Albaniyasının mədəniyyətinə və incəsənətinə aid olan çoxlu sayda elmi işlərin müəllifi, professor Davud Axundov kompyuter texnologiyalarının köməyi ilə qalanın tarixi barədə yeni baxışa nail olmuşdur. Azərbaycan memarlığının inkişafındakı xidmətlərinə görə 1990-cı ildə Dövlət mükafatı laureatı olmuş, 2002- ci ildə “Şöhrət” ordeni ilə təltif edilmiş, elə həmin ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur. Davud Ağa oğlu Axundov 2003-cü il noyabr ayının 19-da vəfat etmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.