IV Problem “Elmi maarif, elmi kütləvi işlər”i əhatə edir. Problemə daxil olan mövzu “Azərbaycan tarixinin KİV, internet vasitəsilə təbliği, təhsil müəssisələri, ictimai təşkilatlarla əlaqələrin genişləndirilməsi” adlanır (mövzunun rəhbərləri: İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi, Azərbaycan tarixinin populyarlaşdırılması və ekskursiyaların təşkili şöbəsinin müdiri, t.ü.f.d. Bəxtiyar Sayılov, Beynəlxalq əlaqələr və istimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova). Hesabat dövründə Azərbaycan tarixinin populyarlaşdırılması məqsədilə “Elmi macəralar saatı”, “Zəhmətlə gələn zinət. Dərsimiz – Hacı Zeynalabdin Tağıyev”, “Novruz macəraları” mövzusunda interaktiv dərslər təşkil olunmuşdur. Ümumilikdə 654 məktəbli və uşaq həmin dərslərdə iştirak etmişdir. Aprel ayından başlayaraq muzey əməkdaşları yeni ekspozisiyada açıq dərslər keçirməyə başlamışlar. Bakı şəhəri 123, 262 N-li məktəblərin, “İdrak” liseyinin şagirdləri, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tələbələri, Binəqədi Gənclər Evinin üzvləri üçün müxtəlif mövzularda açıq dərslər keçirilmişdir. İl ərzində muzeydə keçirilmiş tədbirlərdə 1976 şagird və tələbə işitrak etmişdir.
Muzeyin nəzdində fəaliyyət göstərən “Arxeo” klubun cari yarımildə keçirilmiş 3 məşğələsində Xəzər Universitetinin, Kooperasiya Universitetinin tələbələri və H.Mahmudbəyov adına 2 №-li Texniki-humanitar liseyin şagirdləri üçün mühazirələr keçirilmişdir (icraçılar: Arxeologiya elmi-fond şöbəsi, Sənədli mənbələrin elmi-fond şöbəsi).
Muzeyin populyarlaşdırılması məqsədilə “Bir muzeyin sirri” layihəsi çərçivəsində tanınmış ictimai və mədəniyyət xadimlərinin iştirakı ilə videoçarxlar çəkilərək sosial şəbəkə hesablarında yerləşdirilmişdir. Cari ildə “TikTokdan öyrən (Learn on TikTok)” layihəsi çərçivəsində muzeyin TikTok səhifəsi yaradılmış və burada maarifləndirici videoçarxlar yerləşdirilmişdir. Nəticədə Milli Azərbaycan Tarixi Muzeyi izləyici və baxış saylarına görə Bakıda fəaliyyət göstərən muzeylər arasında birinci yerə çıxmışdır. 18 may – Beynəlxalq muzeylər günü münasibətilə İCOM-un elan etdiyi “Muzeylər, təhsil və tədqiqat” devizi altında gənclər arasında breyn-rinq intellektual oyunu təşkil olunmuşdur (icraçı: Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsi).
Hesabat dövründə muzeydə 20 Yanvar və Xocalı faciələrinə, Gənclər Gününə, Aprel döyüşlərinə, Beynəlxalq Muzeylər Gününə, Heydər Əliyevin doğum gününə, Müstəqillik Gününə, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə, Milli Qurtuluş Gününə, Anım Gününə, Zəfər Gününə, həmçinin görkəmli şəxsiyyətlərin doğum və anım günlərinə həsr olunmuş elmi seminarlar, tədbirlər, interaktiv dərslər, muzeyin nəşr etdirdiyi “Mən, Bakı milyonçusu Tağıyevin qızıyam” kitabının, “Tofiq Bakıxanov”, “Azərbaycanda təhsil (XIX əsr-XX əsrin əvvəlləri)” kataloqlarının təqdimatı keçirilmişdir.
Elmlə təhsilin əlaqələrinin genişləndirilməsi işi çərçivəsində il ərzində İnnovasiyalar və təhsil proqramları şöbəsi ölkənin 34 təhsil ocağı ilə əlaqələr qurmuş, birgə tədbirlər həyata keçirmişdir.
Hesabat dövründə muzeyin ictimai təbliğində və tanıdılmasında böyük əhəmiyyət daşıyan rəsmi internet səhifəsini 186000 nəfər (dekabrın 10-na olan məlumat) ziyarət etmişdir. Muzeyin Facebook, TikTok, İnstagram sosial şəbəkələrindəki səhifələrinin 10 minə yaxın izləyicisi var.
İl ərzində Azərbaycan tarixinin populyarlaşdırılması və ekskursiyaların təşkili şöbəsinin bələdçiləri tərəfindən 2287 ekskursiya aparılmış, 35816 nəfər muzey ekspozisiyasını ziyarət etmişdir (dekabrın 10-na olan məlumat). Mayın 19-da Azərbaycan, Rusiya və Qazaxıstan muzeylərinin birgə “Muzeydə gecə” layihəsi çərçivəsində 1 saatlıq canlı yayım-virtual ekskursiya aparılmışdır (icraçılar: Azərbaycan tarixinin populyarlaşdırılması və ekskursiyaların təşkili şöbəsi, Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsi).
Hesabat dövründə muzeyin əməkdaşları onun fəaliyyətinə, Azərbaycan tarixinin müxtəlif problemlərinə dair televiziya, radio, mətbuat və İnternet vasitəsilə çıxışlar etmişlər.
Beynəlxalq əlaqələr
Hesabat dövründə Milli Azərbaycan Tarixi Muzeyinin beynəlxalq əlaqələrinin genişləndirilməsi üçün fəaliyyət davam etdirilmişdir. Bu sahədə mühüm elmi nəticə kimi muzeyin Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutu, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası ilə birgə hazırladığı “Orta əsr Gəncəsinin şirli keramikası (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası)” kitabının (rus dilində) nəşrini qeyd etmək lazımdır. Akademiklər Nailə Vəlixanlı və Şahin Mustafayevin layihə rəhbəri olduğu, tarix elmləri doktoru Tarix Dostiyev (Azərbaycan) və tarix elmləri namizədi Alsu İsgəndərovanın (Özbəkistan) müəllifliyi ilə işıq üzü görən bu əsər muzeyin Arxeologiya fondunda qorunan şirli keramika kolleksiyasının illüstrasiyalı albomla müşayiət olunan ilk kompleks tədqiqatıdır. Kolleksiyanın əsasını tanınmış Azərbaycan arxeoloqu İshaq Cəfərzadə tərəfindən 1938-1940-cı illərdə Gəncə şəhər yeri ərazisində aparılmış qazıntılarda əldə olunan arxeoloji material təşkil edir. Şirli keramikanın analizi aparılarkən müqayisəli material kimi Azərbaycanın, Mərkəzi Asiyanın, İranın digər orta əsr şəhərlərində aşkar edilən, bədii-texnoloji baxımdan Gəncə kolleksiyası ilə oxşar cəhətləri olan nümunələr də tədqiqata cəlb olunmuşdur.
Hesabat dövründə Milli Azərbaycan Tarixi Muzeyi ilə Qazaxıstanın “Sarayşik” Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğu arasında əməkdaşlıq memorandumu imzalanıb, Macarıstan Milli Muzeyi ilə əlaqələr qurulub.
Yanvarın 11-də muzeyi ziyarət etmiş Polşa Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Rafal Poborski ilə hər iki ölkənin muzeyləri ilə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Görüşün nəticəsi olaraq səfirliyin dəstəyi ilə “Polşa memarlarının Bakı möcüzələri” layihəsinin icrasına başlanılmışdır. Layihə çərçivəsində muzey əməkdaşları Azərbaycan arxivlərində tədqiqatlar aparmış, XIX əsrin sonu-XX əsrin əvvəllərində polşalı memarlar tərəfindən tikilmiş binaların layihələrini aşkarlamışlar. Həmçinin birgə əməkdaşlıq çərçivəsində fevralın 20-də Milli Azərbaycan Tarixi Muzeyinin və Polşa Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə professor Andjey Yan Xodubskinin polşalı ixtiraçı, geoloq Vitold Zqlenitskiyə həsr olunmuş “Polşalı Nobel” adlı kitabının (Azərbaycan və ingilis dillərində) təqdimat mərasimi keçirilmişdir.
Yanvarın 23-də muzeyi ziyarət etmiş Qazaxıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Alim Bayellə görüş zamanı iki ölkənin mədəniyyət müəssisələri arasında əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə olunmuşdur. Görüşün nəticəsi olaraq Azərbaycan-Qazaxıstan tarixi əlaqələrinin əksi kimi Milli Azərbaycan Tarixi Muzeyinin numizmatik kolleksiyası əsasında kataloqun hazırlanması qərara alınmışdır.
Hesabat dövrünə muzey eksponatları xarici sərgidə nümayiş olunmuşdur. Mayın 7-də Rusiyanın Xantı-Mansiysk şəhərindəki Geologiya, Neft və Qaz Muzeyində açılmış “Elm-cəbhəyə” sərgisində akademik Yusif Məmmədəliyevin Milli Azərbaycan Tarixi Muzeyində qorunan materillarının surətləri ziyarətçilərin marağına səbəb olmuşdur.
Cari ildə muzeyin alman alimləri ilə beynəlxalq elmi əlaqələri qurulmuşdur. Fevralın 20-dən martın 19-dək Almaniyanın Vürtsburq Universitetinin professoru Dr. Martin Qruberin rəhbərliyi ilə alman mütəxəssisləri Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda tədqiqat işləri aparmışlar. Tədqiqatın məqsədi Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə aid Mingəçevir tapıntılarını yenidən araşdırmaq, tipoloji və xronoloji kateqoriyalar üzrə qruplaşdırmaqdır. Layihənin növbəti illərdə də davam etdirilməsi və əldə olunmuş elmi nəticələrin kitab şəklində nəşri nəzərdə tutulub. Elmi əməkdaşlıq çərçivəsində martın 28-də Qəbələdə Milli Azərbaycan Tarixi Muzeyi, Yulius Maksimilian adına Vürtsburq Universiteti, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə “Arxeoloji abidələrin müasir metodlarla müəyyənləşdirilməsi və tədqiqi” mövzusunda elmi seminar keçirilmişdir.
Oktyabrın 28-də Şimali Kipr Türk Respublikasının Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin professoru Latife Summerer tərəfindən Milli Azərbaycan Tarixi Muzeyində “Muzeyşünaslıq, arxeologiya və mədəni irsin qorunması” mövzusunda təlim aparılmışdır. Təlimdə muzey əməkdaşları ilə yanaşı, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin müəllim və tələbə heyəti iştirak etmişlər.
Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fuad Ağayev Yekaterinburqda nəşr olunmuş “Neft və qaz emalı atlası” üçün Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan materiallar, eyni zamanda, Hacı Zeynalabdin Tağıyev və Yusif Məməmmədəliyev haqqında məqalələr hazırlamışdır.
Muzeyin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev Qazaxıstanın Astana şəhərindəki Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin xarici ekspertlər komissiyasına üzv seçilib.
Martın 4-də Milli Azərbaycan Tarixi Muzeyində Bolqarıstan Respublikasının ölkəmizdəki səfirliyinin, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin dəstəyi ilə Azərbaycanda və Bolqarıstanda baharın qarşılanmasına həsr olunmuş “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” sərgisi keçirilib. Hər iki ölkənin tarixi və mədəni irsinin, adət-ənənələrini təbliğ olunması məqsədilə təşkil olunan bu tədbirdə bolqar uşaqlarının Azərbaycana həsr etdiyi 85 rəsm əsəri videoçarx vasitəsilə onlayn, həmçinin azərbaycanlı uşaqların Bolqarıstana həsr etdiyi 18 rəsm əsəri əyani nümayiş olunmuşdur. Martın 28-də isə həmin əsərlər eyniadlı tədbir çərçivəsində Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində də sərgilənmişdir.
Cari ildə muzey əməkdaşları xaricdə (Türkiyə, Ukrayna, Özbəkistan, Qazaxıstan, Rusiya, ABŞ, Moldova, Macarıstan) onlayn və əyani formatda keçirilmiş 26 beynəlxalq konfransda, təlimlərdə iştirak etmişlər.
Nəşriyyat fəaliyyəti, elmi məqalələr
Hesabat dövründə muzey əməkdaşlarının jurnallarda 68 elmi, 16 elmi-populyar məqaləsi, 12 məruzəsi çap olunmuşdur. Xarici elmi jurnallarda çıxan məqalələrin sayı 37-dir, onlardan 10-u impakt faktorlu jurnallarda çap olunub.
Muzey əməkdaşlarının iştirak etdiyi elmi forumlar
Hesabat dövründə muzeyin 22 əməkdaşı 29 respublika və 24 beynəlxalq səviyyəli elmi forumlarda iştirak etmişlər.
Muzeydə keçirilmiş sərgilər, konfranslar, seminarlar
Cari ildə Milli Azərbaycan Tarixi Muzeyində 6 sərgi keçirilmişdir (ətraflı bax: s. 3-4).
Muzeydə fevralın 28-də AMEA-nın müxbir-üzvü, tarix elmləri doktoru, professor Məşədixanım Nemətin 100 illiyinə həsr olunmuş “Məşədixanım Nemət-100” adlı elmi-praktik konfrans, martın 18-də akademik İqrar Əliyevin 100 illiyinə həsr edilmiş xatirə tədbiri və onun həmmüəllifi olduğu “Xəzəryanı bölgənin cənub-qərbi qədimdə və orta əsrlərdə” (rus dilində) kitabının təqdimat mərasimi, mayın 15-də “Epiqrafik abidələr tariximizin daş yaddaşıdır” seminarı təşkil olunmuşdur.
Kadr hazırlığı
Cari ildə muzeydə mövcud olan 185 ştat vahidindən 179 əməkdaş (onlardan 34 nəfər elmi işçi) fəaliyyət göstərib, 9 əməkdaş sosial məzuniyyətdədir, 6 ştat vakantdır. Əməkdaşlardan 1 nəfər akademik, 3 nəfər elmlər doktoru, 21 nəfər fəlsəfə doktoru, 16 nəfər dosentdir. Muzeyin fəlsəfə doktoru hazırlığı üzrə 3 dissertantı, elmlər doktoru hazırlığı üzrə 6 dissertantı, 1 qiyabi doktorantı var. Hesabat dövründə muzeyin elmlər doktoru hazırlığı üzrə sabiq dissertantları Bəhman Kərimov və Əli Fərhadovun dissertasiyaları AMEA A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu nəzdindəki elmi seminarda müzakirədən keçmiş və açıq müdafiəyə buraxılmışdır. Sabiq doktorant Ləman Məmmədovanın fəlsəfə doktoru hazırlığı üzrə dissertasiyası elmi seminarda müzakirədən keçmişdir.
Elmi-təşkilati fəaliyyət
Hesabat dövründə muzey Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təsdiq olunmuş struktur və ştat cədvəli əsasında fəaliyyət göstərmişdir. Elmi Şuranın 6 iclası keçirilmişdir.
Təltiflər və mükafatlar haqqında məlumat
Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2024-cü il tarixli sərəncamı ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlı və elmi işlər üzrə direktor müavini Fərhad Cabbarov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmuşlar.