II Problem “Muzeyin fondlarında qorunan maddi mədəniyyət nümunələrinin, Azərbaycan tarixinin müxtəlif dövrlərinin elmi tədqiqi və nəşri, respublika və beynəlxalq səviyyəli elmi konfransların, seminarların keçirilməsi, Azərbaycanın müxtəlif bölgələrinə toplama işi məqsədilə ekspedisiyaların təşkili”dir. Bu problem 2 mövzunu əhatə edir.
“Azərbaycan tarixi problemlərinin elmi tədqiqi və nəşri” mövzusuna (mövzunun rəhbəri: elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov) daxil olan “Naxçıvanın VII-XII əsrlərdə” və “Zəngəzur VII-XII əsrlərdə” monoqrafiyaları (rus dilində) (icraçı: direktor, akademik Nailə Vəlixanlı), “Azərbaycan milli geyimləri” monoqrafiyası (icraçı: Etnoqrafiya elmi-fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulova), “Azərbaycanın maddi mədəniyyətində islam ənənələri (XVI-XIX əsrlər)” monoqrafiyası (icraçı: Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Tural Şiriyev), “Vətən Müharibəsi şahid uşaqların gözü ilə” kitabı (icraçı: Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Ləman Musayeva), “Naxçıvan sivilizasiyaların qovşağında” kitabı (icraçılar: Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçiləri, tarix üzrə fəlsəfə doktorları Laçın Mustafayev və Aida İsmayılova) üzərində işlər tamamlanmış və əsərlərin əlyazmaları nəşrə verilmişdir. Plandan əlavə muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarovun H.Z.Tağıyevə həsr olunmuş “Səxavət dünyasının sərvəri” monoqrafiyası işıq üzü görmüşdür. Həmçinin muzeyin keçmiş dissertantı Vüqar Səmədovun “Azərbaycan xürrəmiləri ilə Bizans arasında hərbi-siyasi münasibətlər” monoqrafiyası da Elmi Şuranın qərarı ilə çapa tövsiyə olunmuşdur.
Muzeyin arxeoloq və epiqrafçı alimləri “AMEA Arxeologiya və Antropologiya İnstitutunun arxeoloji ekspedisiyalarında iştirak” işi çərçivəsində Quba, Ağdam, Şəmkir, Ağcabədi, Abşeron, Bakı, Qobustan Salyan, Şəki, Qəbələ, Naxçıvan bölgələrində qədim şəhər yerlərində, abidələrdə aparılan arxeoloji və epiqrafik tədqiqat işlərində iştirak etmişlər. Muzeyin etnoqrafları İsmayıllı rayonunda elmi ezamiyyətdə olmuşlar.
Muzeyin fəaliyyətinin əsas istiqamətlərindən biri olan toplama işi çərçivəsində əməkdaşlar tanınmış ictimai xadimlərin, alimlərin, incəsənət xadimlərinin, şəhid və müharibə iştirakçılarının şəxsi əşyalarını toplamışlar. Bundan əlavə muzeyin Arxeologiya şöbəsi işçilərinin iştirakı ilə 51 ədəd arxeoloji material toplanılaraq fonda təhvil verilmişdir.
Problemə daxil olan “Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası Azərbaycan tarixinin və mədəniyyətinin öyrənilməsində mənbə kimi” adlı ikinci mövzuya (mövzunun rəhbəri: elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov) 11 iş daxildir. Həmin işlərdən aşağıda adları çəkilən əsərlər nəşrə hazırlanmışdır:
- “Əziz Ziya... Akademik Ziya Bünyadova məktublar” kitabı (rus dilində) (icraçılar: direktor, akademik Nailə Vəlixanlı, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Zemfira Qurbanova);
- “Azərbaycan musiqi alətləri xəzinəsi” kataloqu (icraçılar: Etnoqrafiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulova və şöbənin elmi işçisi Aygün Quliyeva);
- “Milli Azərbaycan Tarixi Muzeyinin çini kolleksiyası” kataloqu (icraçı: Etnoqrafiya elmi-fond şöbəsinin elmi işçisi Fatma Qəniyeva);
- “Keçmiş məişətə səyahət” silsiləsindən “Güləbətin tikmə” kataloqu (icraçı: Etnoqrafiya elmi-fond şöbəsinin kiçik elmi işçisi Fəridə Xəlilova);
- “Keçmiş məişətə səyahət” silsiləsindən “Boğçalar” kataloqu (icraçı: Etnoqrafiya elmi-fond şöbəsinin elmi işçisi Nurəngiz Qarayeva);
- “Cənubi Azərbaycanda publisistika və mədəniyyət (“Azərbaycan” qəzetinin (1947-1949) materialları əsasında)” monoqrafiyası (icraçı: Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov);
- “Qarabağın görkəmli ziyalıları” kitab-albomu (icraçılar: Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhman Kərimov, böyük laborant Elmira Əliyeva);
- “Qafqaz Albaniyasında xristianlıq” kataloqu (icraçı: Arxeologiya elmi-fond şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Emin Məmmədov);
- “Naxçıvan rəsmlərdə” kataloqu (icraçı: Təsviri materiallar fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova).
Həmçinin hesabat dövründə Arxeologiya elmi-fond şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev və Silahlar və bayraqlar fondunun müdiri Qətibə Həsənova əvvəlki ildə hazırladıqları “Azərbaycan keramikası. Matralar” kataloqunu nəşr üçün Almaniyanın Vürtsburq Universitetinə təqdim etmişlər. Muzey əməkdaşları fərdi iş planlarına uyğun olaraq müxtəlif mövzularda monoqrafiya və kataloqlar üzərində də tədqiqatlar aparmışlar. Bunların arasında “XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş peşə və ixtisaslar”, “XIX əsrin sonu-XX əsrin əvvəllərində Şimali Azərbaycanda etnik-dini qruplar”, “44-günlük Vətən Müharibəsi” kataloqlarını, “Neft Daşları-75”, “Naxçıvan Muxtar Respublikası-100”, “Tağıyev sarayı” açıqcalarını qeyd etmək olar. Adıçəkilən əsərlərin hamısının mənbə bazasını muzeyin kolleksiyasında saxlanılan materiallar təşkil edir.
III Problem “Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında cari texniki işlərin aparılması, mühafizənin və təhlükəsizliyin təmin olunması məqsədilə müasir infrastrukturun təşkili” adlanır.
Problemə bir mövzu – “Fond kolleksiyalarının işlənməsi, pasportlaşdırılması, yeni materiallarla zənginləşdirilməsi” daxildir (mövzunun rəhbəri: muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini-baş fond mühafizi, t.ü.f.d., dos. Məhfuzə Zeynalova). Mövzu üzrə aşağıdakı işlər yerinə yetirilmişdir:
- fondlara daxil olan yeni materiallar ilkin işlənərək, inventar kitabında qeydiyyatdan keçirilmişdir;
- eksponatların sanitar-təmizləmə işləri aparılmışdır;
- fond əməkdaşları muzeyə müraciət edən müxtəlif yerli və xarici qurumlara, təşkilatlara və tədqiqatçılara (o cümlədən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, dövlət qurumlarına, elmi tədqiqat və ali təhsil müəssisələrinə, televiziya şirkətlərinə, ictimai təşkilatlara və s.) metodiki və əməli yardım göstərmişlər.
2022-ci ildən etibarən fondlarda yeni elektron pasport proqramının tətbiq olunmasından sonra materiallar həmin proqrama uyğun şəkildə pasportlaşdırılmağa başlanılmışdı. Hesabat dövründə 4828 material yeni proqrama daxil edilib. İlin sonuna olan məlumata görə, muzeyin 12 fondunda 274171 ədəd qeydiyyata alınmış eksponat saxlanılır, o cümlədən:
Vətən Müharibəsi fondunda – 3368;
Silahlar və bayraqlar fondunda – 1299;
Sənədli mənbələr fondunda – 22001;
Xüsusi fondda – 1874;
Təsviri materiallar fondunda – 1126;
Arxeologiya fondunda – 26522;
Fotoneqativ materiallar fondunda – 35970;
Etnoqrafiya fondunda – 9762;
Numizmatika fondunda – 120000;
Hədiyyələr və xatirə əşyaları fondunda – 8804;
Köməkçi tarixi fənn materialları fondunda – 34499;
Köməkçi materiallar fondunda – 8946 ədəd.
Muzeyin kitabxanasında isə 22386 ədəd kitab, albom, avtoreferat, jurnal və qəzet saxlanılır.
Cari ildə Tarixi Əşyaların Fond-Satınalma Komissiyası tərəfindən muzeyə 10186 material qəbul olunmuşdur. Muzey əməkdaşları dövlət qurumlarından, təşkilatlardan, ayrı-ayrı şəxslərdən, Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid materialları, həmçinin arxeoloji ekspedisiyalar zamanı aşkarlanan artefaktları toplayaraq muzeyin kolleksiyasını zənginləşdirmişlər.
Mövzuya daxil olan “Bərpaya və konservasiyaya ehtiyacı olan fond materiallarının bərpa və konservasiyası” işi çərçivəsində 2024-cü ildə muzeyin Bərpa laboratoriyası tərəfindən 9896 muzey eksponatı bərpa və konservasiya edilmişdir.