XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
27 Dekabr, 2024
Milli Azərbaycan Tarixi Muzeyinin 2024-cü ildə gördüyü işlərin hesabatı (I hissə)

Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrası ilə əlaqədar tapşırılmış işlərin yerinə yetirilməsi haqqında məlumat

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan olunması haqqında” sərəncamı ilə əlaqədar olaraq Milli Azərbaycan Tarixi Muzeyində bir sıra işlər görülüb. Qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə dünyanın ən böyük tədbirlərindən biri olan COP29 çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından 17 ədəd arxeoloji və etnoqrafik eksponat noyabrın 1-dən 24-dək Bakı Olimpiya Stadionunun “Mavi” zonasında nümayiş etdirilib, tədbirdə iştirak edən əcnəbi və yerli qonaqların böyük marağına səbəb olub. COP29 tədbirində iştirak etmək üçün Bakıya gələn Monqolustan Respublikasının Prezidenti, Palau Respublikasının Prezidenti, Banqladeşin Müvəqqəti hökumətinin Baş müşaviri, İordaniya Haşimilər Krallığının şahzadəsi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi, Buddist Assosiasiyasının vitse-prezidenti, Polşa Respublikasının İqlim və Ətraf Mühit Nazirliyinin dövlət katibi, həmçinin xarici nümayəndə heyətlərinin digər üzvləri muzeyin daimi ekspozisiyasını ziyarət etmişlər. Noyabrın 18-i, 20-si və 21-i xarici ölkələrin media nümayəndələri üçün muzeydə infoturlar təşkil olunmuşdur. Ümumilikdə COP29 çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasını 700-dən çox xarici qonaq ziyarət etmişdir.

Aprel ayından etibarən muzeydə başlanan və hesabat ilinin sonunadək davam edən “Yaşıl dünya” layihəsi çərçivəsində uşaqlarla maarifləndirici və əyləncəli tədbirlər keçirilib. Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və genişləndirilməsi haqqında mühazirələrlə yanaşı onlara muzeyin yerləşdiyi binanın memarlığı, divar və tavanlardakı nəbati ornamentlər, həmçinin H.Z.Tağıyevin açdırdığı Mərdəkan bağçılıq məktəbi barədə də məlumatlar verilib. Tədbirlər çərçivəsində müxtəlif ustad dərslər, viktorina və oyunlar, “Güllərin söhbəti” adlı tədbir-konsert də təşkil edilib. Bundan əlavə aprelin 6-da muzey əməkdaşları H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə ağacəkmə aksiyası keçirmişlər (icraçı: İnnovasiyalar və təhsil proqramları şöbəsi).

Həmçinin muzey əməkdaşları ölkədə və xaricdə keçirilən ətraf mühitlə bağlı elmi konfranslarda məruzələrlə çıxış etmişlər.

Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının icrası çərçivəsində aprelin 1-də muzeyin direktoru, akademik Nailə Vəlixanlı Naxçıvanda keçirilmiş “Naxçıvan Muxtar Respublikasının yaradılması: tarix və müasirlik” respublika elmi konfransında “Naxçıvanın yeni tarixinin yazılmasında ümummilli lider Heydər Əliyevin rolu” adlı məruzə ilə çıxış etmişdir. Həmçinin akademik Nailə Vəlixanlı Naxçıvanın VII-XII əsrlər tarixinin tədqiqinə həsr olunmuş “Нахчыван в VII-XII веках” monoqrafiyasını nəşrə hazırlamışdır. Müxtəlifdilli mənbələrin və müvafiq elmi araşdırmaların nəticələrinin müqayisəli təhlili əsasında yazılmış bu monoqrafiya Naxçıvanın ərəb və monqol işğalları arasındakı altı əsrlik dövründən bəhs edilir. Tədqiqat çərçivəsində bölgənin erkən orta əsrlər tarixinə dair, xüsusilə erməni tarixşünaslığında olan qərəzli və ziddiyyətli iddialar, yanlış mülahizə və fikirlər təkzib olunmuş, Naxçıvanın siyasi tarixi, əhalisinin dili və dini, eləcə də bölgədaxili və xarici münasibətlərlə bağlı məsələ və problemlər araşdırılmışdır.

Arxeologiya şöbəsinin böyük elmi işçiləri, tarix üzrə fəlsəfə doktorları Laçın Mustafayev və Aida İsmayılova muzeydə qorunan Naxçıvanın son tunc-erkən dəmir dövrünə aid arxeoloji kolleksiya əsasında “Naxçıvan sivilizasiyaların qovşağında” monoqrafiyasını hazırlamışlar. Əsərdə Naxçıvanın son tunc-erkən dəmir dövrünə aid arxeoloji abidələrinin öyrənilməsindən bəhs edilir, həmin tapıntıların təsnifatı, müqayisəsi və təhlili aparılır, müxtəlif mədəniyyətlərlə qarşılıqlı əlaqələrinə toxunulur.

Mayın 16-da muzeydə Uşaq-Gənclər İnkişaf Mərkəzi şagirdlərinin iştirakı ilə “Naxçıvanın maddi, mədəni irsi muzey arxeologiyası və etnoqrafiyası müstəvisində” adlı sərgi, mayın 23-də isə təsviri və tətbiqi incəsənət işlərindən ibarət “Naxçıvan – qədim diyar” respublika müsabiqəsi keçirilmişdir.

Bundan əlavə muzey əməkdaşları Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə keçirilən müxtəlif beynəlxalq və respublika səviyyəli elmi tədbirlərdə məruzələrlə çıxış etmişlər.

Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamının icrası çərçivəsində yanvarın 30-da muzeydə “M.Ə.Rəsulzadə-140” adlı elmi seminar keçirilmişdir. Muzey əməkdaşlarının, müxtəlif ali məktəb tələbələrinin iştirak etdiyi seminarda Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçiləri, tarix üzrə fəlsəfə doktorları Bəhman Kərimov və Əli Fərhadov məruzələrlə çıxış etmişlər.

Yanvarın 31-i-fevralın 1-də isə Milli Azərbaycan Tarixi Muzeyində II Beynəlxalq Rəsulzadə Qiraətləri keçirilmişdir. Muzeyin “Məhəmməd Əmin Rəsulzadə ev-muzeyi” ictimai qrupu, Xəzər Universiteti, Varşava Universiteti, Ankara Universiteti və ANS Şirkətləri Qrupu ilə birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan, Türkiyə, İsveç, İran, Polşa, Rusiya, Fransa, ABŞ, Almaniya, Ukraynadan alimlər əyani və onlayn formatda iştirak etmişlər. Qiraətlərin materialları nəşr olunub.

Azərbaycan Respublikası Prezidentinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” sərəncamının icrası çərçivəsində Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktorları Əli Fərhadov beynəlxalq, Fondların elmi uçotu və təsnifatı şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova və Köməkçi tarixi fənn materialları fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Sənubər Qasımova isə respublika elmi konfransında məruzələrlə çıxış etmişlər.

 

Elmi tədqiqat işləri planlarının yerinə yetirilməsi haqqında məlumat

Təsdiq olunmuş plana əsasən Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi mədəniyyət abidələrinin toplanması, mühafizəsi, tədqiqi, nəşri, onların ekspozisiya və sərgilər vasitəsilə nümayişi və təbliği istiqamətində 4 problem üzrə 5 mövzunu əhatə edən 31 iş üzərində çalışmışlar. 2024-cü ildə planda nəzərdə tutulmuş 15 işin icrası başa çatmışdır.

Muzeyin elmi tədqiqat planına daxil olan I problem “Azərbaycan xalqının qədim dövrdən bu günə qədərki tarixini əks etdirən maddi və mənəvi mədəniyyət nümunələrinin muzeyin ekspozisiyasında və sərgilərində nümayişi və təbliği” adlanır. Problemə daxil olan Azərbaycanın qədim, orta əsrlər, yeni və Xalq Cümhuriyyəti dövrlərini, Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiyanın daimi təkmilləşdi­rilməsi və yeniləşdirilməsi, müxtəlif mövzularda sərgilərin qurulması” mövzusu (mövzunun rəhbəri: Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Emin Dadaşov) çərçivəsində hesabat dövründə görülən ən böyük iş 22 aprel 2024-cü il tarixində altıillik fasilədən sonra muzeyin yeni ekspozisiyasının açılışı olmuşdur. Bu münasibətlə Mədəniyyət Nazirliyi və AMEA rəhbərliyinin, Milli Məclis deputatlarının, alimlərin, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə təntənəli tədbir keçirilmişdir. Yeni ekspozisiya Azərbaycan tarixinin bütün dövrlərini əhatə etməklə yerli və xarici ziyarətçilərə ölkəmizin çoxəsrlik tarixi keçmişini, məişətini və mədəniyyətini daha dərindən bilmək və öyrənmək imkanı verir. Qeyd etmək lazımdır ki, 2023-cü ilin fevralından qurulmağa başlayan yeni ekspozisiya əvvəlkindən fərqli olaraq 1920-ci il ilə deyil, Zəfər və Böyük Qayıdış tarixi ilə tamamlanır. Ekspozisiyanın bütün zallarında eksponatlar müvafiq vitrinlərdə yerləşdirilib, iki dildə (Azərbaycan və ingilis) annotasiyalar, etiketajlar hazırlanıb. İnteraktiv masa və monitorlarda Azərbaycan tarixinin bütün dövrləri, həmçinin həmin dövrlərə uyğun gələn muzey eksponatları haqqında məlumatlar yerləşdirilib. Ekspozisiya birinci və ikinci mərtəbələri əhatə etməklə ümumilikdə 26 zaldan (1684 m2) (H.Z.Tağıyevin xatirə muzeyinin ekspozisiyası istisna olmaqla) ibarətdir. Birinci mərtəbədə tarixin ən qədim çağlarından XIX əsrin əvvəllərinə qədərki, ikinci mərtəbədə isə XIX əsrin ikinci yarısından indiyə qədərki dövrləri nümayiş edilir. İyunun 10-na olan məlumata görə, ekspozisiyada 4486 ədəd eksponat təqdim olunub.

Muzeyin fəaliyyət planında nəzərdə tutulan “Ekspozisiyanın təkmilləşdirilməsi, yeni materiallarla zənginləşdirilməsi” işi çərçivəsində hesabat dövründə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin muzeyə hədiyyə etdiyi 3 yeni material (general Hüseyn xan Naxçıvanskinin fotoşəklinin, Üzeyir Hacıbəylinin tələbə işinin, Leninqrad Şəhər Partiya Komitəsinin katibi Q.Romanovun Heydər Əliyevə göndərdiyi təbrik məktubunun surətləri) ekspozisiyada yerləşdirilmişdir. Muzey ekspozisiyasını zənginləşdirən daha bir eksponat Səfəvi dövlətinin banisi Şah I İsmayılın 1508-ci ilə aid fərmanının əslidir. Bir Azərbaycan vətəndaşının xarici auksionda aldığı bu unikal sənəd Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən muzeyə hədiyyə olunmuşdur. Ekspozisiyasının təkmilləşdirilməsi işi çərçivəsində interaktiv masalar üçün yeni mətnlər tərtib olunmuş, həmçinin H.Z.Tağıyevin xatirə muzeyində məlumat otağı yeniləşdirilmiş, yeni eksponatlarla zənginləşdirilmişdir.  

Planda nəzərdə tutulan Naxçıvan Muxtar Respublikasının 100 illiyinə, Qərbi Azərbaycan tarixinə və mədəniyyətinə, həmçinin Azərbaycan musiqi mədəniyyətinə həsr olunmuş sərgilər maliyyə vəsaiti ayrılmadığı üçün keçirilməmişdir.

Buna baxmayaraq, cari ildə Milli Azərbaycan Tarixi Muzeyində plandan əlavə aşağıdakı sərgilər keçirilmişdir:

  • “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” uşaq rəsmləri sərgisi (4 mart);
  • Quba şəhəri “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə 31 mart azərbaycanlıların soyqırımının 106-cı ildönümünə həsr olunmuş “1918-ci il soyqırımı hadisələri Belarus əsilli fotoqraf Lev Daşkeviçin gözü ilə” sərgisi (30 mart-1 aprel);
  • Uşaq-Gənclər İnkişaf Mərkəzi şagirdlərinin iştirakı ilə “Naxçıvanın maddi, mədəni irsi muzey arxeologiyası və etnoqrafiyası müstəvisində” sərgisi (16 may);
  • Qərbi Azərbaycanın Qarakilsə rayonunun Dəstəgird icmasına həsr olunmuş “Baba yurdunun foto hekayəsi” adlı fotosərgi (17 may);
  • ötən əsrdə yaşamış latviyalı tədqiqatçı, rəssam və dizeyner Yulius Straumeyə həsr olunmuş “Yuliys Straume - 150: Naxışlar fərqli mədəniyyətlərdə” adlı multimedia sərgisi (22 may-23 iyun);
  • “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində Avropa milli geyimlərinin sərgisi (27-29 noyabr).

Bununla yanaşı muzeyin eksponatları muzeydən kənarda keçirilən sərgilərdə də nümayiş olunmuşdu. Yanvarın 19-25-də “Suraxanı” gəmi-muzeyində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr edilmiş “20 Yanvar – Qəhrəmanlıq salnaməsi” adlı sərgi keçirilib. Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan 108 adda eksponat nümayiş olunub. Ötən il mayın 10-da Şuşa şəhəri Dövlət Qoruğu İdarəsində açılmış və hələ davam edən Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərgidə də muzeyin kolleksiyasından olan materiallar təqdim olunur.