Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında mədəni irsin qorunması və səmərəli idarə edilməsi ölkənin strateji inkişaf istiqamətlərindən biri kimi göstərilməklə, bu sahədə kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunmuşdur. İnkişaf Konsepsiyasında
müəyyən edilən vəzifələrin həlli dövlət qurumları, elmi institutlar, beynəlxalq təşkilatlar və digər aidiyyəti strukturlarla sıx əməkdaşlıq əlaqələrinin qurulmasını tələb edir. Bununla əlaqədar olaraq qarşıdakı dövr üçün daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizəsi, istifadəsi və təbliği sahəsində mövcud problemlərin və perspektivlərin müzakirəsi məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə fevralın 22-də “Four Seasonsl Baku” mehmanxanasında “Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf istiqamətlərindən biri kimi” mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri iştirak etmişlər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Baş nazirin müavini Elçin Əfəndiyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova çıxış edərək bildirmilər ki, son illər ölkəmizdə mədəni irsin qorunması, Azərbaycan xalqının yaratdığı mədəni nümunələr bəşəriyyət tərəfindən milli mənəvi dəyərlərimiz kimi qəbul olunması ilə bağlı yerli və beynəlxalq səviyyədə çox işlər görülmüşdür. Dünya mədəniyyəti xəzinəsində özünəməxsus yer tutmuş qədim və zəngin irsimizlə fəxr etdiyini söyləyən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nailə Vəlixanlı bildirmişdir ki, bu sahədə alimlərin üzərinə daha böyük məsuliyyət düşür. Biz bu irsi qorumalı və nəsildən-nəslə ötürməliyik. Bu müqəddəs vəzifəni yerinə yetirməsək, gələcək nəsillərin qınağına çevrilər, onlara xəyanət etmiş olarıq. Akademik demişdir ki, konfransda səslənən fikirlər Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş İnkişaf Konsepsiyasında nəzərdə tutulan mühüm vəzifələrin həlli üçün prioritet istiqamətlərin müəyyənləşməsinə kömək edəcəkdir. Mədəni irsi xalqın vətəndaşlıq, varlıq şəhadətnaməsi adlandıran N.Vəlixanlı bu irsin qorunmasının, təbliğinin ən başlıca vəzifələrdən biri olduğunu demişdir. Bildirmişdir ki, mədəni irsi lazımi səviyyədə qorumaq üçün təkcə şövq, həvəs və hətta milli qeyrət bəs etmir. Bunun üçün dövlət və xalqın biri digərini tamamlayan, biri digərinə dəstək olan həmrəyliyi vacibdir. Tədbirdə bir sıra digər mövzularda da məruzələr dinlənilmişdir. Tədbirə yekun vuran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söylənilən dəyərli fikirlərə görə çıxış edənlərə minnətdarlığını bildirmiş və demişdir ki, bütün bu və ya digər təkliflər yeni konsepsiyanın hazırlanmasına və mədəni irsimizin daha geniş formada təbliğinə öz müsbət təsirini göstərəcəkdir. Konfransda müzakirə olunan məsələ ilə bağlı qətnamə qəbul edilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.