Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda qorunan zəngin sikkə kolleksiyası əsasında Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Azərbaycanda Böyük Çölün izləri” adlı kataloq nəşr edilib. Kataloq rus və qazax dillərində hazırlanıb və Azərbaycan-Qazaxıstan tarixi əlaqələrinə dair mühüm məlumatları əks etdirir.
Kataloqda iki ölkə arasındakı tarixi əlaqələrin sübutu olaraq, toponimlərin önəmi və numizmatik materiallar vasitəsilə əlaqələrin izlənilməsi vurğulanır. Kataloqda qeyd olunan Çingizilər, Cəlairilər, Qızıl Orda və Cuçilər dövrünə aid sikkələr bu tarixi əlaqələri əyani şəkildə nümayiş etdirir, Azərbaycan və Qazaxıstan arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin qədim köklərə dayandığını göstərir. Bu nəşr tədqiqatçılar, tarixçilər və geniş oxucu auditoriyası üçün əhəmiyyətli bir elmi vəsait olmaqla yanaşı, hər iki ölkənin tarixi və mədəni irsinə dair qiymətli məlumat mənbəyidir.