Milli Azərbaycan Tarixi Muzeyində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin və Art Council Azərbaycan QHT-nin birgə təşkilatçılığı ilə beşinci dəfə keçirilən “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində ilk Avropa milli geyimlərinin sərgisi keçirilib.
Sərgidə Bolqarıstan, Çexiya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiya səfirlikləri müxtəlif tarixi dövrlərə aid adət-ənənələrini, Aİ ölkələrinin müxtəlifliyini və mədəni təcrübəsini əks etdirən milli geyimlərini təqdim ediblər. Eyni zamanda, sərgidə Milli Azərbaycan Tarixi Muzeyində qorunan, Azərbaycan tarixini və mədəniyyətini əks etdirən unikal milli geyimlər də yer alıb.
Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko tədbirdə çıxış edərək bildirib ki, “Milli geyimlərin muzeydə sərgilənməsinin əhəmiyyəti böyükdür. Milli geyim millətin tarixinin əksidir. O, sosial-iqtisadi, mədəni-tarixi, təbii-coğrafi amillərin təsiri altında formalaşır. Məhz buna görə də milli geyim müxtəlif ölkələrin mədəniyyətini öyrənmək üçün mənbəyə çevrilir. Ümid edirik ki, sərgi Azərbaycan ziyarətçilərinə Aİ-yə üzv ölkələrin milli mədəniyyəti və folkloru haqqında daha çox məlumat əldə etməyə kömək olacaq”.
Qeyd edək ki, sərgi 29 noyabr tarixinədək davam edəcək.