XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
29 Dekabr, 2024
Muzeydə “Orta əsr Gəncəsinin şirli keramikası (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası)” adlı kitabın təqdimatı keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində beynəlxalq elmi əməkdaşlıq çərçvəsində Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutu, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası ilə birgə hazırladığı “Orta əsr Gəncəsinin şirli keramikası (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası)” (Глазурованная керамика средневековой Гянджи (коллекция Национального музея истории Азербайджана) adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, muzeyin direktoru, akademik Nailə Vəlixanlı, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, Prof. Dr. Aktoty Raimkulova, Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, t.e.d Tarix Dostiyev, Səmərqənd Arxeologiya İnstitutunun böyük elmi işçisi Aysulu İsgəndərova, KİV nümayəndələri və muzey əməkdaşları iştirak ediblər.

İştirakçıların çıxışları zamanı əsərin Gəncə şəhərinin orta əsr dövründəki keramika sənətinin incəliklərini və bu sənətin regionun mədəni inkişafına verdiyi töhfələri ətraflı şəkildə araşdıraraq, tarixi və mədəni irsimizi daha dərindən anlamağımıza imkan yaratdığını qeyd ediblər.

Kitab muzeyin Arxeologiya fondunda qorunan şirli keramika kolleksiyasının illüstrasiyalı albomla müşayiət olunan ilk kompleks tədqiqatıdır.

Qeyd edək ki, kolleksiyanın əsasını tanınmış Azərbaycan arxeoloqu İshaq Cəfərzadə tərəfindən 1938-1940-cı illərdə Gəncə şəhər yeri ərazisində aparılmış qazıntılarda əldə olunan arxeoloji materiallar təşkil edir. Şirli keramikanın analizi aparılarkən müqayisəli material kimi Azərbaycanın, Mərkəzi Asiyanın, İranın digər orta əsr şəhərlərində aşkar edilən, bədii-texnoloji baxımdan Gəncə kolleksiyası ilə oxşar cəhətləri olan nümunələr də tədqiqata cəlb olunmuşdur.

Kitabın müəllifləri tarix elmləri doktoru Tarix Dostiyev (Azərbaycan) və tarix elmləri namizədi Aysulu İsgəndərovadır (Özbəkistan). Layihənin elmi rəhbərləri, akademik Nailə Vəlixanlı və akademik Şahin Mustafayevdir.