Milli Azərbaycan Tarixi Muzeyi, Böyük Britaniyanın Edinburq Universiteti və Gürcüstanın Tbilisi Dövlət Universiteti ilə birgə “Böyük Qafqaz Səddi” adlı beynəlxalq layihəyə start verilib. Layihə qədim müdafiə qurğularının lokalizasiyası və mövcud divar-istehkam qalıqlarının tədqiqini hədəfləyir.
Layihənin Azərbaycan üzrə icraçısı, Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin elmi işçisi Aslan Qasımov layihə çərçivəsində arxeoloji kəşfiyyat işlərini həyata keçirmək üçün Gürcüstan Respublikasına ezam olunub. Tədqiqat əsasında kömür və suvaq nümunələri götürülərək analiz ediləcək. Nəticələr müdafiə tikililərinin dövrü və tikinti texnologiyası haqqında ilkin məlumatların əldə edilməsinə şərait yaradacaq.
Qeyd edək ki, layihə Britaniya Akademiyasının qrant müsabiqəsində qalib gəlib. Edinburq Universitetindən professor Eberhard Sauer və Gürcüstan tərəfdən Dr. Davit Naskidaşvili layihənin əsas tərəfdaşlarıdır.