XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
20 Noyabr, 2024
İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri Dana Firas muzeyin qonağı olub

COP29 çərçivəsində ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri və Petra Milli Trestinin sədri xanım Dana Firas Milli Azərbaycan Tarixi Muzeyinin qonağı olub. Azərbaycanın zəngin tarixi irsini yaxından tanımaq üçün Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynovla birgə muzeyi ziyarət edən qonağı muzeyin direktoru, akademik Nailə Vəlixanlı qarşılayıb. Nailə Vəlixanlı xanım Firasa muzeyin tarixi binası və geniş kolleksiyası haqqında ətraflı məlumat verib. Nailə Vəlixanlı ilk olaraq, tarixi binanın Azərbaycanın memarlıq irsi baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Daha sonra xanım Firasa muzeyin ekspozisiyasında nümayiş olunan arxeoloji nümunələr, orta əsrlərə aid sənət əsərləri, etnoqrafik materiallar, milli geyimlər- Azərbaycan xalqının mədəniyyətini əks etdirən unikal eksponatlar haqqında ətraflı məlumat verilib.

Xanım Dana Firas muzeyin zəngin eksponatları ilə tanışlıq zamanı Azərbaycanın mədəni irsinin çoxəsrlik dərinliyindən təsirləndiyini bildirib. O, eyni zamanda, Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən eksponatların peşəkarlıqla qorunmasını və təqdimatını yüksək qiymətləndirib. UNESCO-nun xoşməramlı səfiri xanım Firas muzeyin qonaq kitabına öz ürək sözlərini yazaraq, dəyərli eksponatlar əsasında Azərbaycanın zəngin tarixi və mədəni irsinin dünyada daha geniş tanıdılmasının vacibliyini vurğulayıb.

Ziyarət Azərbaycan və İordaniya arasında mədəni əlaqələrin dərinləşdirilməsi istiqamətində önəmli bir addım olmaqla yanaşı, UNESCO səviyyəsində qeyri-maddi mədəni irsin qorunmasına dair mümkün əməkdaşlıq üçün də bir zəmin yaratdı. Bu, Azərbaycanın mədəniyyət sahəsində qlobal miqyasda diqqət mərkəzində qalmasının əhəmiyyətinin bir göstəricisidir.

Sonda akademik Nailə Vəlixanlı  muzeyi ziyarət edən şahzadə Dana Firasa Azərbaycanın zəngin mədəni irsinin simvolu olan milli baş geyimi– kəlağayı təqdim etdi. Hədiyyə qonaq tərəfindən böyük maraqla qarşılandı və Azərbaycan xalqının ənənəvi sənət nümunələrinə olan yüksək dəyərin təcəssümü kimi qiymətləndirildi.