Ötən əsrin 1992-ci ilinin fevralında tarixdə görünməmiş qətliam baş verdi. Türkləri özlərinin əbədi düşməni hesab edən ermənilər məskunlaşdıqları türk torpaqlarında insanlığa xas olmayan vəhşiliklər törətməklə, Xocalı adlı bir yurd yerini yer üzündən sildilər – insanlar amansızlıqla qətlə yetirildilər, əsir götürüldülər, şəhər isə oda qalandı. Bu, Qarabağ
müharibəsinin ən qəddar səhifəsi idi.1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya divan tutdu, ən dəhşətli soyqırım törədildi. Buna qədər isə Xocalı erməni-daşnaklar tərəfindən tam mühasirəyə alınmışdı. Yollar tamam kəsilmiş, Xocalı taleyin ümidinə buraxılmışdı. Halbuki xocalılar ermənidaşnak hərbi qüvvələrinə mərdliklə müqavimət göstərir, şəhəri çətinliklə də olsa qoruyub saxlayırdılar. Düşmən elə buna görə də Xocalı sakinlərini vəhşiliklə, qəddarlıqla və kütləvi surətdə qətlə yetirdi. Faciənin miqyası son dərəcə böyük və dəhşətli idi. Ağdam istiqamətində düzlər, dərələr, dağlar günahsız insanların cəsədləri ilə dolmuşdu. Yergöy qan ağlayırdı. Ermənilər qadınlara və uşaqlara, qocalara və xəstələrə rəhm etmədən hamını güllələyərək süngüdən keçirmişdilər. Xocalı soyqırımına siyasi qiymət verən və bu barədə dünyanın ən yüksək tribunalarından danışan ümummili lider Heydər Əliyev Xocalı sakinləri ilə görüşündə demişdir: “... biz toplaşıb Xocalı faciəsinin cavabını verək, şəhidlərin qanının yerdə qalmaması gününü görək. Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Müstəqil Azərbaycanın hüdudlarını tamamilə bərpa edək. İnanıram ki, Azərbaycan xalqı belə qüdrətə malikdir”. Xocalı soyqırımının 20 ili tamam olur. Bu faciə zamanı böyük bir yaşayış məntəqəsi yer üzündən silinib, azərbaycanlılara qarşı amansız soyqırımı törədilib: 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülüb. Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə öldürüblər. Habelə azğınlaşmış erməni hərbçiləri əsir və girov götürdükləri azərbaycanlıları xüsusi amansızlıqla, işgəncə verərək qətlə yetiriblər. Mühasirədən çıxıb qaçmağa müvəffəq olan sakinlər təqib edilərək Kətik meşəsində, Naxçıvanik yolunda, Qaraqaya ətrafında, Dəhraz kəndi yaxınlığında, Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və digər ərazilərdə amansızlıqla qətlə yetiriliblər. Əsir götürülənlərdən 18 nəfəri Əsgəran rayon Daxili işlər şöbəsində işgəncə verilməklə öldürülüb. Hücum zamanı dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədilib, dözülməz işgəncələr verilib, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb. Xocalıya hücum edən erməni dəstələri ölkə iqtisadiyyatına 170 milyon dollardan artıq ziyan vurub. Şəhərin toxuculuq fabriki, onlarla ictimai iaşə obyekti dağıdılıb. 200 nəfərdən çox insan müxtəlif dərəcəli əlilə çevrilib. Ermənilər buna görə cavab verməlidirlər. Əgər bunu edə bilməsək, gələcək nəsillər bizi heç vaxt bağışlamayacaqdır! Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir. Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqqədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər. Heydər Əliyev Fondu ötən illər ərzində Xocalı soyqırımının dünya ictimaiyyətinə, beynəlxalq aləmə çatdırılması istiqamətində böyük işlər görüb. Dünyanın, Avropanın onlarla ölkəsində Xocalı soyqırımının ildönümlərində tədbirlərin, sərgilərin keçirilməsi, filmlərin nümayiş olunması və sair bu qəbildəndir. Xocalı soyqırımına dair müxtəlif dillərdə Fond tərəfindən filmlər hazırlanıb, həmin filmlərin təqdimatı keçirilib. Həmçinin Xocalı soyqırımı ilə bağlı fotosərgilərin təqdimatı dünyanın onlarla ölkəsində düzənlənib. Xocalı soyqırımı ilə bağlı xarici kütləvi informasiya vasitələrinin əməkdaşlarının qələmə aldıqları məqalələrin
sərgisi keçirilib. Bununla yanaşı, “Xocalı uşaqların gözü ilə” rəsm sərgisi və sair böyük tədbirlər təşkil olunub. Bunlar hamısı Fondun və ələlxüsus Mehriban xanımın Xocalı soyqırımının tanıdılması istiqamətində çox böyük xidmətləridir. Özü də nəinki Xocalı soyqırımının, ümumilikdə bütün Azərbaycan həqiqətlərinin təbliği istiqamətində bu xidmətlər ölçüyəgəlməzdir. Eyni zamanda Leyla xanım Əliyeva dünya ictimaiyyətinin diqqətini erməni işğalçılarının Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli cinayətlər haqqında obyektiv məlumatlara cəlb etmək, sözügedən faciələrə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək, eyni zamanda, Azərbaycanın Qarabağ münaqişəsində milli maraqlarının müdafiə olunması məqsədilə “Xocalıya ədalət – Qarabağa azadlıq” (“Justice for Khojaly, Freedom for Karabakh”) devizi altında beynəlxalq kampaniyanın keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. “Xocalıya ədalət!” - artıq dünyada bu kampaniyaya qoşulan insanların sayı günü-gündən çoxalmaqdadır. Bu kampaniya daha da genişlənməkdədir. Bu baxımdan çox güman ki, bu kampaniya və təbii ki, bu istiqamətdə görülən işlər bundan sonra da davam edəcək. Amma söhbət ondan gedir ki, bizim hər birimiz bu kampaniyalara dəstək verməliyik. Harada yaşamağından asılı olmayaraq – Azərbaycanda da, Azərbaycandan kənarda da. Hərənin gücü nəyə çatırsa, Azərbaycan həqiqətlərinin, Xocalı həqiqətlərinin təbliğ edilməsi, bütövlükdə Qarabağ savaşında şəhid, əlil olmuş, yaralanmış qəhrəmanlarımızın, ümumən Azərbaycan xalqının başına gətirilən bütün müsibətlərin təbliğ edilməsi, erməni yalanlarının qarşısının alınması istiqamətində öz fəaliyyətini ortaya qoymalıdır. Tarix heç nəyi unutmur! Allah bütün şəhidlərə rəhmət eləsin!
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.