2013-cü il fevralın 25-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirildi. Milli Azərbaycan Tarixi Muzeyi və muzeyin Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatı birgə səyləri ilə təşkil olunmuş tədbirdə alimlər, ali məktəblərin, həmçinin Sülh Şəbəkəsi “Liderlik” məktəbinin müəllim və tələbələri, KİV nümayəndələri iştirak
etdilər. Muzeyin Konfrans salonunda “Xocalı şəhidləri”, “Xocalı soyqırımı dünya mətbuat səhifələrində” adlı stendlər qurulmuşdur. Tədbirdən əvvəl Nurəddin Günün poeması əsasında yazılmış “Xocalı simfoniyası” səsləndirilmişdir. Xocalı soyqırımı nəticəsində şəhid olanlar bir dəqiqəlik sükutla yad edilmişlər.Tədbirdə Milli Qəhrəman, operator Çingiz Mustafayevin hadisə yerində 26.02.1992 və 02.03.1992-ci il tarixlərində çəkdiyi sənədli kadrlar hümayiş olunmuşdur.Tədbiri açan Muzeyin direktoru, akademik Nailə Vəlixanlı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni şovinistləri tərəfindən xüsusi vəhşiliklə törədilmiş Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermiş, XX əsrin ən qəddar və dəhşətli hadisələrindən biri olan bu faciənin erməni təcavüzkarlarının azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin bir səhifəsi olduğunu qeyd etmişdir. Natiq bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət istər Qarabağ müharibəsi, istərsə də dünya müharibələri tarixində dəhşətli nəticələrinə görə analoqu olmayan hadisələrdəndir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Xocalıda törədilən soyqırıma bu günədək dünya tərəfindən lazımi qiymət verilməməsini qeyd etmiş, ermənilər tərəfindən dövlət səviyyəsində yürüdülən terror siyasətindən nəticə çıxararaq, həqiqətlərin dünya içtimayyətinə çatdırılması istiqamətində əməli işlər görülməsinin vacibliyi vurğulanmışdır. Natiq çıxışında başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla Azərbaycan dövlətinin Xocalı soyqırımının əsl mahiyyətinin, erməni terrorizminin bütün bəşəriyyətə təhlükə olmasını sübut etməsinə yönəldilmiş ardıcıl siyasət barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. Elmira xanım tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror və soyqırımı aktları törədilməsini auditoriyaya çatdırmış, erməni separatçıları tərəfindən yüz minlərlə azərbaycanlını öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qoyaraq, kütləvi surətdə qətlə yetirmələri, zaman-zaman öz torpaqlarından deportasiya etmələri barədə məlumatlandırmışdır. Muzeyin Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədov İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan olunmuş “Xocalıya ədalət” adlı genişmiqyaslı kampaniya haqqında məlumat vermiş, bu ictimai aksiyanın məqsədinin beynəlxalq ictimaiyyətin Xocalı soyqırımı ilə bağlı məlumatlanması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymətin verilməsi və soyqırımın beynəlxalq səviyyədə anılması olduğunu qeyd etmişdir. Daha sonra “Xocalıya ədalət” rep mahnısının (Toni Blackman və “Dəyirman” qrupu) videoklipinin nümayiş olunmuşdur. Sülh Şəbəkəsi “Liderlik” məktəbinin şagirdləri Xocalı soyqırımına həsr olunmuş şerlər və musiqilər ifa etmişlər.
Tədbir iştirakçılarına Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın Bəyanatı, həmçinin Ermənistanın Azərbaycan qarşı təcavüzünə həsr olunmuş çap materialları paylanmışdır.
Tədbirin fotoşəkilləri ilə saytın “Fotoqalereya” bölümündə tanış ola bilərsiniz.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.