1928-ci il fevral ayının 28-də Qərbi Azərbaycanda Zəngibasar bölgəsinin Çobankərə kəndində anadan olmuşdur. 1943-1947-ci illərdə Yerevanda Azərbaycan Dövlət Pedaqoji məktəbində oxumuşdur.
1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmuşdur. Moskvada SSRİ EA Coğrafiya İnstitutunda aspiranturanı bitirdikdənsonra, 1955-ci ildə namizədlik və 1967-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda Landşaftşünaslıq şöbəsinin müdiri (1967-1974), elmi işlər üzrə direktor müavini (1974-1988) işləmişdir. 1988-ci ildən ömrünün sonunadək həmin institutun direktoru vəzifəsində çalışmışdır. Azərbaycan EA müxbir üzvü (1976) və akademiki (1989) seçilmişdir. Ədəbi, elmi yaradıcılığa tələbəlik illərindən başlamışdır. Onun elmi əsərləri Azərbaycanda, həmçinin xaricdə - Rusiya, Hindistan, Polşa, Türkiyə və İran elmi və dövri mətbuatlarında çap olunmuşdur. “Cənub-Şərqi Qafqazın geomorfologiyası və yeni tektonikası” (1973) elmi əsəri keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin N.Prjevalski adına qızıl medalına layiq görülmüşdür. Onun yaradıcılığında elmi-kütləvi, elmipublisistik məzmunlu məqalələr geniş yer tutur. Budaq Budaqov coğrafi təkanın, sel ocaqlarının təsnifatını vermiş, təbiətin dağıdıcı hadisələrini sistemləşdirmiş, Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyasını, yeni tektonik hərəkətlərini, qədim buzlaşmasını öyrənmiş, ərazinin xəritələrini (1:200000) tərtib etmişdir. İlk dəfə 1956-cı ildə Qafqazda 3600 m mütləq yüksəklikdə Üst Sarmaq yaşlı dəniz faunasını aşkara çıxarmışdır. Azərbaycanın təbii və antropogen landşaftını, orada baş verən səhralaşmanı, landşafın geokimyasını öyrənmişdir. Azərbaycanda təbiidağıdıcı hadisələrin intensivliyinə görə ekoloji-coğrafi şəraiti tədqiq etmiş və ərazinin 1:500000 xəritəsini tərtib etmişdir. 1051 adda elmi əsəri çapdan çıxmışdır. 1995-ci ildə akademik Y.Məmmədəliyev adına medal və mükafat, 2000-ci ildə İslam xeyriyyəçiliyinə görə H.Z.Tağıyev mükafatı, “Şöhrət” ordeni, 2008-ci ildə dövlət başçısının digər sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Budaq Əbdüləli oğlu Budaqov Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Budaq Budaqov 1 noyabr 2012-ci ildə Bakı şəhərində vəfat etmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.