XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Mart, 2013
“Arşın mal alan: dövr, insanlar, personajlar” sərgisi açıldı

“Arşın mal alan: dövr, insanlar, personajlar” sərgisiMartın 12-də Milli Azərbaycan Tarixi Muzeyində Sərgi Azərbaycan mədəniyyəti tarixinin ən parlaq hadisələrdən birinə - dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının 100 illiyinə həsr olunmuş “Arşın mal alan: dövr, insanlar, personajlar” sərgisi açılmışdır. «Arşın mal alan» - dahi Azərbaycan bəstəkarı, milli bəstəkarlıq məktəbinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeir bəy Hacıbəyovun sonuncu, üçüncü musiqili komediyasıdır.


Bəstəkar onun üzərində 1913-cü ilin yayında hələ Bakıda olarkən işləməyə başlamış və əsəri yayın sonunda, artıq Sankt-Peterburqda olarkən tamamlamışdır. UNESCO Baş konfransının qərarı ilə dünya musiqi sənətinin ən populyar əsəsrlərindən sayılan, müsəlman Şərqinin isə ilk operettası olan "Arşın mal alan"ın 100 illik yubileyi 2013-cü ildə dünya miqyasında qeyd edilir. Məqsədi dünya mədəniyyəti tarixində “Arşın mal alan” operettasının yerini, həmçinin onun yarandığı dövrü əks etdirmək olan sərgidə muzey fondlarından 230-dan artıq eksponat nümayiş olunur. Sərginin açılış mərasimində Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək 2013-cü ildə YUNESCO xətti ilə dünya səviyyəsində 100 illiyi qeyd olunan operettanın Azərbaycan mədəniyyətində tutduğu yer  barədə məlumat vermiş, sərginin təşkil olunma prinsiplərini açıqlamışdır. Açılış mərasiminin bədii hissəsi Azərbaycan Milli konservatoriyasının 1-ci kurs tələbəsi Zümrüd Məmmədovanın ifasında Segah təsnifi ilə başlamışdır. Azərbaycan uşaq və gənclərin Sülh şəbəkəsinin üzvləri “Arşın mal alan” operrettasından qızların rəqsini ifa etmişlər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri Afaq Abbasova və Fərid Əliyev konsertmeyster Roza Məmmədovanın müşayyəti ilə “Arşın mal alan” operrettasından Əskər və Gülçöhrənin duetini ifa etdilər. “Xəzər” universitetinin qızlardan ibarət rəqs ansamblı, həmçinin solistlər Musiqi- incəsənət departamentinin müdiri Zülfiyə Sadıkovanın rəhbərliyi ilə azərbaycan və ingilis dillərində operettadan beş musiqili parçanı ifa etmişlər. Bu yaxınlarda operetta 23 saylı orta məktəbdə tam şəkildə tamaşaya qoyulmuşdur. Məktəbin şagirdləri tədbirdə tamaşadan bir parça nümayiş etmişlər. Daha sonra Muzeyin direktoru, akademik N.Vəlixanlı qonaqları sərgiyə baxmağa dəvət etmişdir. Tədbir iştirakçılarına Muzey tərəfindən reklam xarakterli məhsullar (iki növ posterlər, azərbaycan, rus, ingilis dillərində flayerlər, həmçinin çap məhsulları olan “Как воровали Аршин мал алан” broşürü və sərginin bələdçi bukleti paylanmışdır. Sərginin bələdçi bukleti sərgi ilə bağlı məlumatlar verirsə, “Как воровали Аршин мал алан” broşürü ermənilər tərəfindən operettanın oğurlanması ilə bağlı faktları açıqlayır. Sərginin ideyasının əsasında rəmzi-assotiativ metod dayanır; metod dərin məzmunlu, eyni zamanda dahi şəxsiyyətlər və hadisələrlə bağlı olan, hamı tərəfindən tanınan eksponatları nümayiş etdirməyə imkan verir. Belə eksponatlar tamaşaçıdan xüsusi bilik, muzey işçilərindən xüsusi izahat və xüsusi təqdimat metodları tələb etmir. Ekspozisiyanın semantikası özündə qavramanın təsviri aydınlığını süjetin öyrənilməsinin assotiativ formaları ilə birləşdirərək tamaşaçıların təsəvvür səviyyəsinə uyğundur. Sərginin birinci bölməsində tamaşaçı “Arşın mal alan” operettasını 1913-cü ildə yaradan mədəniyyət xadimləri, həmçinin sonrakı dövrlərdə operettanı səhnələrdə tamaşaya qoyan şəxslərin fotoşəkilləri, şəxsi əşyaları, sənədləri, afişaları ilə tanış olur. İlk dəfə olaraq operettanın oynanıldığı ölkələri nümayiş etdirən “Arşın malçı dünyanı gəzir” xəritəsi maraq kəsb edir. Sərginin ikinci bölməsi tamaşaçını sanki operettanın yazıldığı dövrə dəvət edən Üzeyir Hacıbəyov və onun həyat yoldaşı Məleykə xanımın portretləri ilə açılır. İnstallyasiyalar vasitəsilə tamaşaçı XX əsrin əvvəllərinə aid Azərbaycan şəhərinin küçələrinə düşür, buradakı mağazalar, dükanlar, çayxana ilə tanış olur. “Gülçöhrə və Asya”, “Soltan bəy”, “Əskər və Süleyman” vitrinləri fotomateriallarla səsləşən eksponatlar vasitəsilə dövrün baş personajlarının məişətini nümayiş etdirir. Ayrıca vitrin operettanın ekranlaşdırılması tarixinə həsr olunub. İnformasiya panellərində operettanın nadir afişaları, onun yaradılması və səhnələşdirilməsinin tarixçəsini göstərən məlumatlar, həmçinin erməni “mədəniyyət xadimləri” tərəfindən operettanın oğurlanmasını nümayiş etdirən faktlar yerləşdirilmişdir. Sərgi zalının mərkəzindəki vitrinlərdə “Əskər” və “Gülçöhrə” manekenləri nümayiş olunur. Vitrinlərin şüşələri cəmiyyətin qurduğu şərti maneələri nümayiş etdirir; lakin iki sevgilinin bir-birlərinə qovuşmasının qarşısını ala bilmir. Operettanın məhşur ifadəsini – “Bir molla, bir kəllə qənd, üç manat pul” ifadəsini nümayiş etdirən installyasiya tamaşaçılarda təbəssüm doğurur. Sərgi “Arşın mal alan” bədii filminin (1945) fraqmentlərinin nümayişi ilə müşayiət olunur. Ekpozisiya Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında “Arşın mal alan” operettasının yaradılma tarixi ilə tanışlıqla yanaşı, o dövrün tarixinə daxil olmaq imkanını da verir. 100 ildir ki, dünya musiqi mədəniyyətində «Arşın mal alan» adlı bir ulduz parlayır. Dünya da, həyat tərzi də dəyişir, nəsillər bir-birini əvəz edir, zövqlər ildırım sürəti ilə yeniləşir. Lakin Əsgər və Gülçöhrənin romantik məhəbbət tarixcəsini söyləyən musiqi hekayəti bu gün də təravətini saxlayır, insanlara xoş təbəssüm və hisslər bağışlayır.

Tədbirin fotoşəkilləri ilə saytın “Fotoqalereya” bölümündə tanış ola bilərsiniz.

 

“Arşın mal alan: dövr, insanlar, personajlar” sərgisi

 “Arşın mal alan: dövr, insanlar, personajlar” sərgisi                                                                                         “Arşın mal alan: dövr, insanlar, personajlar” sərgisi                                                                                            “Arşın mal alan: dövr, insanlar, personajlar” sərgisi“Arşın mal alan: dövr, insanlar, personajlar” sərgisi“Arşın mal alan: dövr, insanlar, personajlar” sərgisi“Arşın mal alan: dövr, insanlar, personajlar” sərgisi“Arşın mal alan: dövr, insanlar, personajlar” sərgisi