Martın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində Üçüncü Beynəlxalq “Muğam aləmi” elmi simpoziumu işə başlamışdır.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin səlahiyyətlərini icra edən, akademik Akif Əlizadə çıxış edərək Heydər Əliyev Mərkəzində “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalının təntənəli açılış mərasiminin keçirildiyini xatırlatmışdır. A.Əlizadə demişdir ki, açılış mərasimində Beynəlxalq festivalın prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın nitqi bu möhtəşəm tədbirin uğurla keçməsinə stimul verən başlıca amil olmuşdur. Natiq vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin milli mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Akademik diqqətə çatdırmışdır ki, Azərbaycan xalqının musiqiyə, xüsusilə muğama olan sevgisi bütün dünyaya məlumdur. Muğamın UNESCO tərəfindən yüksək qiymətləndirilməsi, eyni zamanda, Azərbaycanın birinci xanımının onun inkişafına böyük töhfəsi bu gün artıq öz bəhrəsini verməkdədir. UNESCO səviyyəsində keçirilən simpoziumun tarixi əhəmiyyətindən danışan Akif Əlizadə tədbiri açıq elan etmişdir. Simpoziumda çıxış edən təhsil naziri Misir Mərdanov demişdir ki, bu beynəlxalq festival təkcə muğam mədəniyyətini deyil, eyni zamanda, musiqi təhsili, musiqi elmi, muğamların tədris olunması, qorunması və varisliyi, ifaçılıq sənəti, gənc muğamşünas və ifaçı kadrların hazırlanması, xalqlar arasında beynəlxalq mədəni inteqrasiya və əlaqələrin genişlənməsi kimi müasir, vacib və aktual olan məsələləri də özündə ehtiva edir. Bütün bunların hamısı festivalın proqramları çərçivəsində uğurla həyata keçirilir. Nazir diqqətə çatdırmışdır ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ideyası və müəllifi olduğu muğam layihələri Azərbaycan muğam mədəniyyətinin müxtəlif istiqamətlərdə inkişaf etməsinə, dünya miqyasında təbliğinə, onun elmi problemlərinin tədqiqinə, muğamların müasir ali musiqi məktəblərində tədrisinə, muğam mədəniyyətinə mütəxəssis marağının artmasına səbəb olmuşdur. Nəticə etibarilə muğamın tədrisində, elmi cəhətdən öyrənilməsində, muğam ifaçılığında, onun bəşəri mədəni dəyər kimi təbliğ olunmasında yeni və mühüm nailiyyətlər qazanılmışdır. M.Mərdanov demişdir ki, Azərbaycanın müasir mədəniyyət həyatında mühüm hadisə olan muğam festivalları beynəlxalq mədəniyyət, elm və təhsil sistemində ən yaxşı və ən maraqlı ənənələr sırasında dayanır və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. İndiyədək keçirilən və bu gün də davam etdirilən muğam festivallarının nailiyyətləri və nəticələri müasir dünyanın müxtəlif ölkələrində geniş beynəlxalq marağa səbəb olmuşdur. Bu nailiyyətlərə və nəticələrə dünyanın ən nüfuzlu mədəniyyət, elm və təhsil təşkilatları, görkəmli mədəniyyət, təhsil və elm mütəxəssisləri tərəfindən böyük əhəmiyyət verilir. Hamılıqla sevinirik ki, bu festival beynəlxalq musiqi, elm, təhsil ictimaiyyəti tərəfindən çox dəyərləndirilən irimiqyaslı mədəniyyət layihəsi kimi böyük şöhrət və nüfuz qazanmışdır. Bildirilmişdir ki, qədim tarixə və zəngin ənənələrə malik olan, UNESCO tərəfindən bəşəriyyətin mədəni irsinə daxil edilən, dünyanın müxtəlif xalqları tərəfindən sevilən muğam sənətinin tədrisə daxil edilməsi Azərbaycanda müasir təhsil siyasətinin nailiyyətlərindən biridir. Əsas məqsəd gənclərdə bütün xalqların mədəniyyətinə və milli dəyərlərinə humanist münasibət formalaşdırmaqdan, onlara bu sahədə bilik və informasiya verməkdən, nəhayət, müasir tələblərə cavab verən mütəxəssis hazırlığını həyata keçirməkdən ibarətdir.
Ölkəmizdə musiqi təhsilinin 3 pillədə həyata keçirildiyini söyləyən Misir Mərdanov vurğulamışdır ki, son illər Təhsil Nazirliyi Azərbaycan Milli Konservatoriyası və onun nəzdində fəaliyyət göstərən musiqi kolleci ilə birgə respublika muğam müsabiqələri keçirir. Bu muğam müsabiqələri milli musiqi təhsilini daha da inkişaf etdirmək, muğam ifaçılığı sahəsində yeni istedadlı gəncləri aşkar etmək, gənclərin professional ifaçı kimi formalaşmasına nail olmaq məqsədi daşıyır. Son illər ölkəmizdə muğam təhsili sahəsində baş verən daha bir yeniliyi diqqətə çatdıran təhsil naziri demişdir ki, ali musiqi məktəblərinin magistratura pilləsində muğamşünaslıq ixtisası üzrə mütəxəssis hazırlığına başlanılmışdır. Muğamın xalqımızın mənəvi dünyasının, milli ruhunun əsas ifadə vasitələrindən biri olduğunu söyləyən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev demişdir ki, muğam keçmişlə bu gün arasında, Azərbaycan ilə dünya xalqlarının mədəniyyəti arasında mənəvi körpüdür. Təsadüfi deyildir ki, Azərbaycan muğamı 2003-cü ildə bəşəriyyətin şifahi və qeyri-maddi şah əsərləri siyahısına daxil edilmişdir. Bununla əlaqədar olaraq 2006-cı ildə UNESCO ilə Azərbaycan hökuməti arasında saziş imzalanmış və bu saziş əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və UNESCO tərəfindən “Əbədi muğam” layihəsi uğurla həyata keçirilmişdir. Muğam sənətinin müxtəlif mədəniyyətlər arasında dialoq musiqisi kimi təbliğində, Azərbaycan xalqının mənəvi irsi kimi qorunmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz rolu vardır. Məhz onun fəaliyyətinin nəticəsi olaraq artıq üçüncü dəfədir ki, ölkəmizdə “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı keçirilir. Bu tədbir dünya miqyasında muğam ifaçılarının, muğamsevərlərin və xüsusilə bu musiqiyə həyatını həsr etmiş elm adamlarının, ekspertlərin şəbəkəsini formalaşdıra bilmişdir. Nazir müavini vurğulamışdır ki, builki festival və simpoziuma əvvəlkilərdən daha çox, təqribən 24 ölkədən iştirakçı qatılmışdır. Bu fakt muğam sənətinə və festivalına ildən-ilə artan marağın göstəricisidir. Ə.Vəliyev demişdir: “Hələ 1971-ci ildə UNESCO 50 albomdan ibarət olan “Dünya ənənəvi musiqisinin antologiyası” kolleksiyasına “Şərqin musiqi antologiyası” seriyasında çıxan “Azərbaycan musiqisi” plastikasını daxil etmişdir. 1975-ci ildə isə Azərbaycan muğamları UNESCO tərəfindən “Musiqi mənbələri” seriyasında buraxılmışdır. Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin himayəsi ilə başlanan muğam sənətinin inkişafı XXI əsrdə Prezident İlham Əliyevin dəstəyi ilə özünün ən yüksək inkişaf mərhələsini yaşamaqdadır”. Ötən il ölkəmizin UNESCO ilə əlaqələrinin qurulmasının 20 illiyinin qeyd olunmasını diqqətə çatdıran natiq bildirmişdir ki, bu müddətdə Azərbaycan dövləti xalqın milli mənəvi dəyərlərini özündə ehtiva etdirən qeyri-maddi irs nümunələrinin mühafizəsi və təbliği sahəsində UNESCO ilə sıx əməkdaşlıq münasibətləri qurmuşdur. Bildirilmişdir ki, muğam sənətindən sonra 2009-cu ildə Azərbaycanın aşıq sənəti və beynəlmiləl Qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz bayramı, 2010-cu ildə xalçaçılıq sənəti, 2012-ci ildə isə tar ifaçılığı sənəti UNESCO-nun Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilmişdir. Bu, UNESCO ilə əməkdaşlığın bariz göstəricisidir.
Vurğulanmışdır ki, muğam sənəti UNESCO səviyyəsində xalqın milli-mədəni irsinin qorunması hərəkatının başlanğıcında ilk addım olsa da, digər irs nümunələrinin də bu prosesə qoşulmasında mühüm rol oynamışdır. Nazir müavini əminliklə bildirmişdir ki, bugünkü simpoziumda muğam musiqisi elmi cəhətdən müzakirə olunmaqla yanaşı, onun mədəniyyətləri, xalqları birləşdirən xüsusiyyətləri bir daha təsdiqini tapacaq, muğamın bizi valeh edən yeni xüsusiyyətləri üzə çıxacaqdır.
İştirakçıları Azərbaycan dilində salamlayan UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM) nümayəndəsi Jan Dürinq tədbirin böyük əhəmiyyət daşıdığını söyləmişdir. Qonaq demişdir ki, bir neçə dildə çap edilmiş simpozium materialları hər bir iştirakçıya müzakirələrdə yaxından iştirak etmək imkanı yaradacaqdır. Muğamın spesifik bir musiqi növü olduğunu söylənən J.Dürinq demişdir ki, bu musiqi xalqların birləşməsinə, yaxınlaşmasına xidmət edir. Bu da özlüyündə muğamın əlçatmazlığından, bəşəriliyindən xəbər verir. Azərbaycan xalqının musiqiyə, xüsusilə muğama olan sevgisinin bütün dünyaya məlum olduğunu söyləyən UNESCO-nun nümayəndəsi, festivalın bütün təşkilatçılarına minnətdarlığını bildirmişdir. Ənənəvi olaraq iki ildən bir ölkəmizdə keçirilən beynəlxalq muğam festivalının böyük maraq doğurduğunu söyləyən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə demişdir ki, milli musiqimizin təbliğində belə tədbirlərin mühüm rolu vardır. “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalının artıq 4 gündür ki, davam etdiyini diqqətə çatdıran Xalq Artisti bildirmişdir ki, bu möhtəşəm musiqi bayramı təkcə paytaxt Bakıda deyil, bu gün Azərbaycanın bütün bölgələrində geniş şəkildə qeyd olunmaqdadır.
Hər il simpoziumun mövzu baxımından zənginləşdiyini söyləyən F.Əlizadə demişdir ki, bu da özlüyündə musiqiyə, xüsusilə də muğamların tədqiq və təbliğinə olan böyük maraqdan irəli gəlir. Simpoziuma təqdim olunan məruzələr muğamın geniş təhlilini, onun dünyanın aparıcı musiqişünas alimlərinin diqqət mərkəzində olmasını göstərir. Bu da özlüyündə müxtəlif xalqlara məxsus muğam ifaçılığının yaxınlığından, qohumluğundan xəbər verir. Bütün bunlar deməyə əsas verir ki, muğam bəşəridir, əlçatmazdır, onun fəzası sonsuzdur. Üçüncü Beynəlxalq “Muğam aləmi” elmi simpoziumunun böyük maraq doğuracağını söyləyən Azərbaycan Bəstəkarlar İttifaqının sədri demişdir ki, burada təkcə alimlərlə yanaşı, ifaçıların da çıxışları dinləniləcəkdir. Bir sözlə, nəzəriyyə ilə praktikanın vəhdəti özünü göstərəcəkdir. Bildirilmişdir ki, muğam festivalı çərçivəsində təşkil edilən üç mühüm tədbirin hər biri ayrı-ayrılıqda iştirakçıların marağına səbəb olacaqdır. Festival günlərində Azərbaycan və dünya alimlərinin iştirakı ilə Beynəlxalq muğam simpoziumu, 35 yaşadək muğam ifaçılarının müsabiqəsi və şəhərimizin əsas səhnə salonlarında yerli və xarici ölkələri təmsil edən ifaçıların iştirakı ilə konsertlər təşkil olunur. Budəfəki muğam müsabiqəsinin böyük maraq doğuracağını bildirən Firəngiz Əlizadə demişdir ki, burada təkcə xanəndələr deyil, həm də milli alətlərin ifaçıları da öz məharətlərini nümayiş etdirəcəklər. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, bu gün düşmən tapdağı altında inləyən Qarabağın zəngin musiqi ənənələrinin bu gün də yaşadıldığını söyləyən Firəngiz Əlizadə demişdir ki, hazırda festival çərçivəsində təşkil edilmiş silsilə konsertlərdə bu doğma yurdun 11-12 yaşlı xanəndələri çox böyük uğurla çıxış edirlər. Artıq Qarabağın işğalından 20 ildən çox vaxt keçir. Bu balaca ifaçılar heç ata-baba torpaqları - Qarabağın üzünü də görməyiblər. Amma genetik kod onların qanında, düşüncə tərzində, ifaçılıq məharətində özünü çox aydın şəkildə göstərməkdədir. Bu, bir daha göstərir ki, nəsillər dəyişsə də, məşhur Qarabağ xanəndələrinin yaratdıqları ənənələr dünya durduqca yaşayacaqdır. Simpoziumun açılış mərasiminə həsr edilmiş tədbirə yekun vuran Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin səlahiyyətlərini icra edən, akademik Akif Əlizadə vurğulamışdır ki, sorağı dünyanın ən müxtəlif guşələrindən gələn bu nəhəng mədəniyyət hadisəsi bizi daim qürurlandırır. Sonra elmi simpozium öz işini bölmə iclaslarında davam etdirmişdir. Firəngiz Əlizadənin və UNESCO-nun nümayəndəsi Jan Dürinqin sədrlik etdikləri “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” mövzusunda iclasda, ümumilikdə, 5 məruzə dinlənilmişdir. İclasda almaniyalı alim Elsner Yurgenin “Muğam-reallıq və ümumiləşdirmələr”, yaponiyalı professor Geniçi Tsugen “Yapon qaqakusu və qədim uyğur musiqisi bir-biri ilə əlaqəlidirmi?”, qazaxıstanlı tədqiqatçı Saida Yelemanovanın “Qazax şifahi ənənəli professional musiqisinin vokal-instrumental spesifikasının öyrənilməsi problemi və bəzi tipoloji cəhətləri”, tunisli tədqiqatçı Mahmud Gettatın “Tunis maalufunda Nuba: morfoloji orqanoloji yanaşma” və türkiyəli alimlər - Rəcəb Uslu, Burçin Uçaner və Əmrah Hatipoğlunun birgə işi olan “Türkiyə sufi musiqisində məqamlar və alətlər” mövzularında məruzələr təqdim edilmişdir.
AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi Kamal Abdullayevin sədrlik etdiyi “Azərbaycan muğam dəstgahlarının müqayisəli təhlili” mövzusunda iclasda, ümumilikdə, 7 məruzə dinlənilmişdir. İclasda azərbaycanlı alimlər Zemfira Səfərovanın “Musiqi məcəlləsi” (XV əsr) və “Vüzuhül-əqram” (XIX əsr) risalələrində muğam və musiqi alətlərinin rolu və onlar haqqında dini baxışlar”, Rəna Məmmədovanın “Makom formalarında struktur prinsiplərinin vahidliyinə dair”, Əfsanə Babayevanın “Muğam və islam dini mərasimlərinin struktur və informasiya əlaqələri”, Afaq Hüseynovanın “Azərbaycan muğamı: müqayisəli aspektləri”, Ülkər Talıbzadənin “Azərbaycan muğamına dövlət qayğısı”, Sehranə Kasiminin “Şərq musiqi alətlərinin təkamül yolu” və Teymur Kərimlinin “Klassik Azərbaycan ədəbiyyatında musiqi alətlərinin bədii təqdimi” mövzularında məruzələri maraqla qarşılanmışdır. Alimlər araşdırdıqları məsələləri əyani vasitələrlə diqqətə çatdırmışlar. Simpozium işini martın 15-də yekunlaşdıracaqdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.