XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Mart, 2013
"Arşın mal alan" - 100

«Arşın mal alan” -  100 «Arşın mal alan» - böyük Azərbaycan bəstəkarı, milli bəstəkarlıq məktəbinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir bəy Hacıbəyovun sonuncu, üçüncü musiqili komediyasıdır. Bəstəkar onun üzərində 1913-cü ilin yayında hələ Bakıda olarkən işləməyə başlamış və əsəri yayın sonunda, artıq Sankt-Peterburqda olarkən tamamlamışdır.


«Arşın mal alan»da aparıcı, əsas bədii-ifadə vasitəsi musiqidir. Məhz musiqi məzmunun parlaqlığına və inkişaf səviyyəsinə görə çox vaxt əsərin janrını komik opera kimi müəyyənləşdirirlər. Üzeyir Hacıbəyov «Arşın mal alan»da xalq mahnı-rəqs və muğam ənənələrini sintezləşdirərək parlaq, yeni vokal üslub yaratmışdır. Burada milli musiqi təfəkkürü, milli üslub avropa vokal üslubu ilə qovuşur. Parlaq məzmun ilə yanaşı bu musiqi novatorluğu operettanın dünya miqyasında şöhrət tapmasının əsas şərtlərindən biri oldu. Əsərin ilk tamaşası 1913-cü ildə oktyabrın 25-də Bakıda Tağıyev teatrında olmuşdur. «Arşın mal alan» elə ilk tamaşadan böyük populyarlıq qazandı. Premyeradan sonra «Arşın mal alan» Qafqazın, Rusiyanın, daha sonra isə bütün dünyanın teatr səhnələrinə zəfər yürüşünü başlayır. «Arşın mal alan» bir neçə dəfə ekranlaşdırılmışdır. Dünya miqyasında ən böyük populyarlığı 1945ci- ildə baş rolda Rəşid Behbudovun çəkildiyi film qazanmışdır. 100 ildir ki, dünya musiqi mədəniyyətində «Arşın mal alan» adlı bir ulduz parlayır. Dünya da, həyat tərzi də dəyişir, nəsillər bir-birini əvəz edir, zövqlər ildırım sürəti ilə yeniləşir. Lakin Əsgər və Gülçöhrənin romantik məhəbbət tarixcəsini söyləyən musiqi hekayəti bu gün də təravətini saxlayır, insanlara xoş təbəssüm və hisslər bağışlayır. UNESCO Baş konfransının qərarı ilə dünya musiqi sənətinin ən populyar əsəsrlərindən sayılan, müsəlman Şərqinin isə ilk operettası olan "Arşın mal alan"ın 100 illik yubileyi 2013-cü ildə dünya miqyasında qeyd edilir. Milli Azərbaycan Tarixi muzeyində martın 12-də açılışı olmuş “Arşın mal alan: dövr, insanlar, personajlar” sərgisi mayın 19-dək davam edəcək.