XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Aprel, 2013
“Arşın mal alan”ın səhnələşdirilməsi ilə bağlı maraqlı faktlar

Üzeyir bəy Hacıbəyov – “Arşın mal alan” operettasının dahi müəllifiDahi Azərbaycan bəstəkarı Ü.Hacıbəyovun “Arşın mal alan” operettasının ilk premyerası 1913-cü il oktyabrın 25-də tanınmış neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılmışdır. Tamaşada heç bir qadağa olunmuş mövzu və məsələlərin olmamasından oktyabrın 26-da Rusiya imperatorunun Qafqazdakı canişini operettanın Qafqazda tamaşaya  qoyulmasına icazə vermişdir.


Yeri gəlmişkən, icazə sənədində onun müəllifinin - Üzeyir bəy Hacıbəyovun adı göstərilmişdir; bu sənəd operettanı “erməniləşdirməyə” can atan erməni “mədəniyyət xadimləri”nin yalanlarını üzə çıraxaran növbəti tarixi sübutdur.

Operettanın ilk tamaşasının rejissoru görkəmli azərbaycan aktyor və rejissoru Hüseyn Ərəblinski olmuşdur. Rolları Hüseynqulu Sarabski (Əskər), Əhməd Ağdamski (Gülçöhrə), Ələkbər Hüseynzadə (Soltan bəy), Yeva Olenskaya (Asya), H.Hüseynov (Vəli), Gülsabah xanım (Cahan xala) ifa etmişlər.

Oqoyulduğu gündən böyük populyarlıq qazanan operetta 1915-ci ildə maraqlı rekord qoymuşdur. Belə ki, Tiflisdə operetta bir axşam ərzində 6 teatr səhnəsində 6 dildə (gürcü, azərbaycan, rus, aysor, ivrit, erməni) oynanılmışdır.

Soltan bəy rolunun ilk ifaçısı Ələkbər Hüseynzadə həmin rolu ən çox (600 dəfə !) ifa etmiş aktyor hesab olunur. 1945-ci ildə kinoekranda yaratdığı Soltan bəy obrazına görə o, Stalin Mükafatına layiq görülmüşdür.

         1913-cü ildən başlayaraq indiyənədək operetta 76 ölkənin 187 teatrında tamaşaya qoyulub, o cümlədən Rusiyada – 28 şəhərdə, Polşada – 17 şəhərdə, Bolqarıstanda – 17 şəhərdə, Gürcüstanda – 16 şəhərdə, ABŞ-da – 13 ştatda, Çində - 8 şəhərdə və s.

Maraqlıdır ki, “Arşın mal alan” adı heç vaxt tərcümə olunmayıb, bəzən afişalarda başlığın altında yerli dillərdə “Uğurlu evlənmənin resepti” və ya “Mal satıcısı” izahı əlavə olunurdu.

“Arşın mal alan” operettası