XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
08 Aprel, 2013
“Arşın mal alan”ın ekranlaşdırılması tarixindən

“Arşın mal alan”ın ekranlaşdırılması “Arşın mal alan” operettasının süjeti əsasında ilk kinofilm rejissor B.Svetlov tərəfindən 1916-cı ildə çəkilib. Filmdə baş rolları H.Sarabski (Əskər), Ə.Ağdamski (Gülçöhrə), Ə.Hüseynzadə (Soltan bəy), Y. Nərimanov (Cahan xala), M.Əliyev (Süleyman bəy) ifa etmişlər. Səssiz filmi elə kinozaldaca musiqi nömrələrinin ifa edən Cabbar Qaryağdı oğlunun muğam üçlüyü müşayət edirdi.


2-ci filmin çəkilişi qalmaqala səbəb oldu. Rejissor Q.Belyakov Ü.Hacıbəyovun icazəsi olmadan və süjeti təhrif edərək 1917-ci ildə film çəkmiş, lakin bəstəkarın qətiyyətli etirazlarından sonra filmin nümayişinə qadağa qoyulmuşdur. Həmin ildə ABŞ-da çəkilən film də uğursuz alındı.

3-cü film plaqiat sayılır. Belə ki, ABŞ-da özünü operettanın müəllifi adlandırmış erməni rejissoru S.Maqalyan 1937-ci ildə “Arşın mal alan” adlı kinofilm çəkmişdir. Amerikalı tamaşaçıların xoşuna gələn süjet əsasında Maqlyan böyük var-dövlət qazanmış, tikdirdiyi imarətin üzərində “Arşın mal alan” sözlərini yazdırmışdır. 1943-cü ildə İranda olan azərbaycanlı artistlər bu filmi görmüş, titrlərində Maqalyanın adının göstərilməsindən hiddətlənmişlər. Ü.Hacıbəyov Stalinə birbaşa məktub yazmışdır. Ölkənin rəhbəri “kapitalist” ölkəsində çəkilmiş filmdən daha yaxşı film çəkməyi tapşırdı. Beləliklə, Azərbaycanda “Arşın mal alan” filmini çəkmək qərarı qəbul olundu.

Operettanın süjeti əsasında çəkilmiş 4-cü film ən uğurlu alındı. 1945-ci ildə SSRİ, sonra isə bütün dünya ekranlarına Azərbaycanda çəkilmiş “Arşın mal alan” filmi çıxdı. Baş rollarda Rəşid Behbudov (Əskər), Leyla Cavanşirova (Bədirbəyli) (Gülçöhrə), Ələkbər Hüseynzadə (Soltan bəy), Lütvəli Abdullayev (Vəli), Fatma Mehrəliyeva (Telli), Münəvvər Kələntərli (Cahan xala) çəkilmişlər. Filmin musiqi redaktoru Niyazi, rejissorları R.Təhmasib və N.Leşenko, ssenari müəllifi Sabit Rəhman idi. Arşın malçı roluna gənc, istedadlı, lakin aztanınan müğənni Rəşid Behbudovu təklif edəndə Azərbaycanın o dövrki rəhbəri Mircəfər Bağırov onu yanına gətirməyi tələb etdi. XX əsrin əvvəllərinin ədəbazı kimi geyinən R.Behbudov Bağırovun kabinetinə daxil olanda, rəhbər zəhmlə soruşmuşdur: “Kimlərdənsən?” Partiya rəhbərinin yanına yanlış geyimdə gəlməsini anlayan Rəşid cavab verdi: “Mən Məcid Behbudovun oğluyam”. Bağırov soruşdu: “Həmin Məcidin?” ”Bəli, xanəndə Məcidin”. Bağırov bilirdi ki, operettanın süjeti Məcidlə bağlı olan əhvalat əsasında qurulmuşdur və Rəşidin namizədliyini təsdiqlədi.