XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 Aprel, 2013
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Azərbaycan tarixinin örənilməsində muzeylərin rolu və problemləri” mövzusunda III respublika elmi konfransı keçiriləcək

Milli Azərbaycan Tarixi Muzeyi18-19 aprel 2013-cü il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu və problemləri” mövzusunda III respublika elmi konfransı keçiriləcək.


2010-cu ildən bəri keçirilən növbəti, sayca üçüncü konfransda aşağıdakı problemlərin müzakirəsi nəzərdə tutulub: Muzeylərdə elmi fond, ekspozisiya işi və Azərbaycan tarixinin öyrənilməsi; muzey pedaqoqikası və tarixi tədqiqatlar; Azərbaycan tarixinin təbliğində muzeylərin təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri, həmin məsələlər ətrafında aparılan fikir mübadiləsi tariximizin dərindən öyrənilməsi və təbliğində, mövcud sahədə elmi tədqiqat işlərinin aparılmasında səmərəli ola bilər.

Milli Azərbaycan Tarixi Muzeyi ilə yanaşı konfransda AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və s. muzeylərin, elmi tədqiqat institutlarının mütəxəssisləri iştirak edəcək və maraqlı məruzələr dinləniləcək. Plenar iclas və seksiyalarda oxunacaq məruzələrdən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının “Heydər Əliyev və Azərbaycanda muzey işi”, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini Xatirə Bəşirlinin “Tarixi və bədii yaddaşın vəhdəti”, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramovanın “Musiqi əsərlərinin unudulmasının qarşısının alınmasında muzeylərin rolu”, Azərbaycan Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, tarix elmləri doktoru Kamil İbrahimovun “İçəri Şəhərdə konservasiya olunmuş arxeoloji qazıntı sahələri tariximizi təbliğ edən açıq səma altında muzey kimi” və s. məruzələrdə Azərbaycan tarixi üçün aktual olan problemlərə toxunulmuş, gələcək nəsillərin yetişməsində muzeylərin əhəmiyyəti göstərilmişdir.

Konfransın materialları toplu şəklində çap olunacaq.