XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
26 Aprel, 2013
Mir Cəlal Paşayev (1908-1978)

Mir Cəlal Paşayev Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprel ayının 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində anadan olmuşdur. O, 1918-1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almış və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə darülmüəlliminə daxil olmuşdur.


XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınmışdır. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutmuşdur. 1928-ci ildə mətbuatda “Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir” adlı ilk şeirləri çap olunmuşdur. Lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazmağa başlamışdır. Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal, elə həmin ildə də ilk tədqiqat əsərini yazmışdır. “Bir gəncin manifesti” əsəri klassik bədii nümunə kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırmışdır. “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir. Mir Cəlalın ilk iri həcmli əsəri - “Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunmuşdur. Bu günə kimi yazıçının 70-dən çox kitabı çapdan çıxmışdır. Mir Cəlal Paşayev böyük şəxsiyyətlərin həyat və yaradıcılıqlarını, dövrün ictimai-siyasi, ədəbimədəni mühitini öyrənməklə, tədqiq etməklə özü də uca zirvələrə qalxmış, şəxsiyyət kimi müdrikləşmişdir. “Qafqazın müdafiəsinə görə”, “Əmək igidliyinə görə” (1944) medalları, “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə” (1948), “Qırmızı əmək bayrağı” (1967), “Oktyabr inqilabı” (1978) və iki dəfə “Şərəf nişanı” (1950, 1958) ordenləri ilə təltif olunmuşdur. 1968 - Azərbaycan LKGİ MK-nın qərarı ilə “Bir gəncin manifesti” əsəri Respublika Lenin Komsomolu mukafatına layiq görülmüşdür. 1969-cu ildə ona “Azərbaycan SSR-in Əməkdar elm xadimi” fəxri adı verilmişdir. Bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da bu böyük ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri çap olunaraq maraqla oxunur.

Mir Cəlal 1978-ci il sentyabr ayının 28-də vəfat etmiş, ikinci Fəxri Xiyabanda dəfn edilmişdir.