Azərbaycanın dilbər guşəsi, musiqi və mədəniyyət ocağı olan Şuşa şəhəri dünyanın bəzi aparıcı dövlətlərinin məzlum xalq kimi tanıdıqları, əslində nəinki xalqımıza, bütün insanlığa qarşı terror siyasəti həyata keçirən məkrli ermənilər tərəfindən keçmiş sovet ordusunun 366-cı alayının 40 zirehli texnikasının bilavasitə iştirakı və köməyi ilə işğal edilmişdir.
289 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24.900 nəfər əhali yaşayırdı. İşğal zamanı 480 nəfər insan qətlə yetirilmiş, 600 nəfər yaralanmış, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 20 mindən artıq əhali isə məcburi köçkün vəziyyətinə düşmüşdür. Qeyd etmək lazımdır ki, Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran Prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdı. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilmişdir. Beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət Xalça muzeyinin filialı və Xalq Tətbiqi Sənəti muzeyi, Qarabağ Dövlət Tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər Tarix Muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılmış və talan olunmuş, müqəddəs məbəd və məscidlər təhqir edilmiş, kitabxanalar yandırılmış, misilsiz əlyazma nümunələri məhv edilmişdir. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olmuşlar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıtmışlar. Artıq Şuşanın işğalından 21 il ötür. Tezliklə qədim Azərbaycan torpağının işğaldan azad olunacağı günü arzulayır və Allahdan bütün şəhidlərə rəhmət diləyirik!
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.