XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
14 May, 2013
Bəkir Çobanzadə -120

Bəkir Çobanzadə -120Bəkir Vahab oğlu Çobanzadə (1893-1938) 1893-cü il may ayının 15-də Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olmuşdur. Burada ibtidai təhsil almış, 14 yaşında ikən qeyri-adi zəkası ilə diqqəti cəlb etmişdir.


Dini Xeyirxahlar Cəmiyyəti 1908-ci ildə onu Türkiyəyə Qalatasaray liseyi - “Sultaniyyə”yə təhsilini davam etdirməyə göndərmişdir. İlk şeirlərini, “Anan harda?” poemasını tələbəlik dövründə qələmə almışdır. İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini mükəmməl öyrənmiş, Türkiyədə “Müstəqil tatar Krımı” ideyaları ilə yaşayan gənclərdən ibarət “Krım-tatar tələbə cəmiyyəti”nin yaradıcılarından və rəhbərlərindən olmuşdur. Sonra Budapeşt Universitetinin tarix-fılologiya fakültəsində türk, ərəb və macar filologiyası ilə yaxından tanış olmuş, doktorluq dissertasiyası müdafiə etmişdir. 1919-cu ildə Budapeştdə türk dilində çıxan “Şərq” qəzetinin redaktoru olmuşdur. 1918-1919-cu illərdə “Krım”, “Göy kitab” (İstanbul) məcmuələrində və “Şərq” qəzetində şeirləri dərc edilmişdir. Bu dövrdə Türkiyə, Krım, Orta Asiya və Rusiya dövri mətbuatında ictimai-siyasi, elmi məqalələrini müxtəlif imzalarla çap etdirmişdir. Sonralar “Türk ensiklopediyası”nda “Çoban oğlu”, “Bəkir Baybək”, “Bəkir Cavbək”, “Bəkir Yaybək”, “Çoban oğlu Bəkir Sidqi” imzaları ilə məqalələri dərc olunmuşdur. O, 1920-ci ildə filologiya elmləri namizədi, 1922-ci ildə isə professor adına layiq görülmüşdür.Vətənə qayıtdıqdan sonra 1920-1922-ci illərdə Krım inqilabi komitəsinin rəisi, Krım Maarif Komissarlığında tatar lisaniyyatı və ədəbiyyatı şöbəsinin müdiri olmuş, eyni zamanda ali məktəblərdə, elmi-tədqiqat institutlarında çalışmışdır. 1928-ci ildə S.Ağamalıoğlunun dəvəti ilə Azərbaycanda yeni əlifba komitəsinin sədri, Yeni türk əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin edilmişdir. Türk xalqlarının yeni əlifbaya keçməsində fəal mübarizə aparmış, Moskvada təlimatçı kurslarında mühazirələr oxumuşdur. 1924-1929-cu illərdə Azərbaycan Baş Elmi İdarəsində terminologiya komitəsinə rəhbərlik etmiş, eyni zamanda Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində kafedra müdiri, dekan vəzifəsində çalışmışdır. 1928-ci ildə Moskvada Şərq Xalqları İnstitutunun həqiqi üzvü seçilmişdir. 1929-cu ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinin müdiri işləmişdir. 1932-ci ildə keçmiş SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin, 1935-ci ildə SSRİ EA Azərbaycan filialının həqiqi üzvü seçilmişdir. Paris Dilçilik Cəmiyyətinin üzvü olmuşdur. O, bir sıra monoqrafik əsərlərlə yanaşı, “Türk dilinin metodikası” (1932), “Elmi qramerin əsasları” (1932) kitablarını şərikli tərtib etmişdir. 1971-ci ildə ilk şeirlər məcmuəsi özbək dilində kütləvi tirajla buraxılmışdır. Bəkir Çobanzadə 1937-ci il yanvar ayının 28-də həbs edilmiş, Pyatiqorsk türməsinə, oradan da Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığının təcridxanasına gətirilmişdir. 1938-ci il oktyabr ayının 13-də ona ölüm hökmü kəsilmişdir.