XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 May, 2013
Məhsəti Gəncəvinin güşəsində Gəncə xalçası

Məhsəti Gəncəvinin güşəsində Gəncə xalçasıMilli Azərbaycan Tarixi Muzeyinin foyesində orta əsr Azərbaycan şairəsi Məhsəti Gəncəviyə həsr olunmuş güşədə özünü gözəlliyi, şux rəngləri ilə Gəncə xalçası diqqəti cəlb edir.


Azərbaycanın qədim tarixi şəhərlərindən olan Gəncə şəhəri əsrlər boyu yüksək keyfiyyətli xalçaların hazınlandığı məkan kimi tanınmışdır. Gəncə xalçaçılıq məktəbi ətraf rayonların xalçaçılıq sənətinə, xüsusən Qazax, Tovuz, Göycə, Zəngəzur ərazilərində xalçaçılıq sənətinə böyük təsir göstərmişdir. Gəncə xalçalarının əsas xarakterik cəhəti uzunsov formaya malik olmasıdır. Elə güşədə nümayiş olunan xalça da uzunsovdur. Xalçanın hər kvadrat desimetrdə 35x35 ilmədən 40x40 ilməyə qədər yerləşir (hər bir kvadrat metrdə 120 min ilmədən 160 min ilməyə qədər). Xovun hündürlüyü 6-8 mm-dir. Gəncə xalçaları təkcə şəhərin özündə deyil, Qarabağlı, Borsunlu, Şadıllı, Qaradağlı, Şəmkir və bir sıra digər xalçaçılıq məntəqələrində də istehsal olunurdu. "Gəncə" adı ilə tanınan xalçalar kompozisiyasına, rəng seçiminə, xonçaların düzümünə görə müxtəlif cür olurlar. Bu xalçanın özünəməxsus xüsusiyyəti var ki, bu xüsusiyyətinə görə Gəncə xalçası digər xalçalardan fərqlənir. Ara sahəsi diaqonal xətlər əmələ gətirən və bu xətlər üzərində sıra ilə çevrilmiş butalar olan xalça yalnız Gəncə xalçasına məxsusdur. Gəncə xalçalarına məxsus digər naxış – ara sahə bir neçə göllə bəzədilmişdir. Bu göllər əksər hallarda xaçabənzər və səkkizbucaqlı formada olur. Ulduzabənzər formada olub strukturu formalaşdıran səkkizbucaqlı göllər "Muğan" xalçasından götürülmüşdür. Gəncə xalçalarında qarmağabənzər elementlərlə "Köhnənaxış", "Muğan" xalçaları da istehsal olunurdu.