XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 May, 2013
18 may – Beynəlxalq Muzeylər Günüdür

Milli Azərbaycan Tarixi MuzeyiMayın 18-i bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Günü - Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuşdur.


Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir. Bu bayram dünyanın 100-dən artıq ölkəsində qeyd edilir. Beynəlxalq Muzeylər Günündə insanlar muzeyləri gəzərək milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirirlər. Hər il müxtəlif devizlərlə keçirilən bu bayram muzey əməkdaşlarını birləşdirir, ictimaiyyətin diqqətini muzeylərə cəlb edir. Bayram günü muzeylər öz qapılarını ziyarətçilərin üzünə açır və yaşından, vəzifəsindən asılı olmayaraq insanlara pulsuz xidmət göstərilir. Tarixi, maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə də Beynəlxalq Muzeylər Günü qeyd edilir. Bu peşə bayramı münasibətilə müxtəlif tədbirlər keçirilir, tariximizlə, mədəniyyətimizlə yaxından tanış olmaq məqsədi ilə mayın 18-də bütün muzeylərimizdə “açıq qapı” günü elan edilir. Tarixi qaynaqlardan məlumdur ki, muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir. Muzey həm də şahiddir. O, eyni zamanda keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçidir. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir.
Muzey ilk növbədə insan əməyi, zəkası ilə yaradılan gözəllik deməkdir. Qiymətli sənət əsərlərinin məbədi sayılan muzeylərin sələfləri eramızdan əvvəl XVI əsrdə Kritdə, III əsrdə Qədim Roma və Yunanıstanda yaranmışdır. Bunlar əsasən məbədlərin və bəzi şəxslərin kolleksiyaları toplanan muzeyvarı təşkilatlar olmuşdur. Tədricən kolleksiyaların mövzu dairəsi genişlənmiş, elmi, mədəni, tarixi əhəmiyyəti artmışdır. Sonralar bu kolleksiyalar hesabına dünyanın bu gün öz şanı-şöhrəti ilə seçilən bir çox muzeylərinin əsası qoyulmuşdur. Qədim əsərlərin yığılıb-toplanması əvvəlcə İngiltərədə başlamış, daha sonra Avropanın digər ölkələrində də oxşar işlər görülmüşdür. Qədim əsərlər, sənədlər bizə qədim dövrlərdə yaşamış insanların düşüncələri, inancları, həyat tərzləri, qabiliyyətləri haqqında məlumat verir. Keçmişi öyrənərək bu günü anlamağımıza kömək edir.
Əvvəllər muzeylərə hər kəsin getmək hüququ yox idi. Ondan yalnız dövlət rəhbərləri və alimlər faydalana bilərdilər. 1850-ci ildən etibarən isə muzeylərdəki əsərlər sərgilənərək ictimailəşmiş və xalqın marağına səbəb olmuşdur. Azərbaycanda muzeylərin təşəkkül tapmasının əsası XX əsrin ikinci onilliyinin əvvəllərində qoyulmuşdur. “Doğma diyarın öyrənilməsi muzeyi” adlanan ilk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılmışdır. Azərbaycanın dəyərli eksponatları 1920–ci ildə ilk muzey yaranana qədər Rusiya, Avropa, o cümlədən Böyük Britaniya muzeylərini bəzəsə də, bu gün tariximiz, incəsənət nümunələrimiz dövlət muzeylərimizdə nümayiş olunur. Azərbaycanda muzey fondu ölkə milyonçularının sovet hakimiyyətinin ilk illərində müsadirə edilmiş sənət əsərləri əsasında yaradılmışdır. H.Z.Tağıyevə, M.Muxtarova, M.Nağıyevə, bir sözlə, Bakı milyonçularına məxsus qiymətli sənət əsərləri ilk muzeyimizin eksponatları olmuşdur.
Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü – dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılmışdır. Bu muzeylər sırasında tanınmışlardan Nəriman Nərimanov, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə və digərlərinin ev-muzeyləri də vardır. Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də Azərbaycan tarixinin keçmişindən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də muzeyə bəzən “Muzey içində muzey” deyirlər. Qoruq muzeylər adətən açıq havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər, abidələr, bulaqlar, məqbərələr, məbədlər, qalalar sayılır. Azərbaycanda belə möhtəşəm muzeylərə Şəki Xan sarayını, Qobustan qayalıqlarını, “Şirvanşahlar Sarayı Kompleksi”ni, Möminəxatun məqbərəsini, eləcə də Şuşa şəhərini göstərmək olar. Təəssüf ki, maddi-mənəvi xəzinəmiz sayılan neçə-neçə tarixi abidəmiz, muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən zəbt edilərək ya qarətə, ya da dağıntıya məruz qalmışdır. Yeraltı, yerüstü sərvətlərimiz, var-dövlətimiz, tarixin daş yaddaşı sayılan abidələrimiz, muzeylərimiz, mədəniyyət ocaqlarımız, Azərbaycan qadınının duyğu və düşüncələrinin əksi olan qədim xalça məmulatları talançıların əlinə keçərək mənimsənilmişdir. İşğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalmışdır. Erməni faşistləri 22 muzeyi, 4 rəsm qalereyasını yoxa çıxarmışlar. Canlı muzey olan Şuşanın özündə 8 muzey fəaliyyət göstərmişdir. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyi, vokal sənətimizin əsasını qoyan Bülbülün memorial muzeyi, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, görkəmli musiqiçi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilmişdir. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi ermənilər tərəfindən tamamilə yerlə-yeksan olunmuşdur. Azərbaycanda milli mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olmuşdur. Ölkəmizdə bu sahənin inkişafı, muzeylər şəbəkəsinin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz həmişə muzeylərə böyük önəm vermiş, bu sahəyə də diqqət və qayğı ilə yanaşmışdır. Xalqımızın böyük oğlu Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızda muzeylərin, xüsusilə tarix-diyarşünaslıq, xatirə, ev-muzeylərinin və digər profilli muzeylərin yaradılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə mühüm tədbirlər həyata keçirmişdir. Qısa müddətdə Azərbaycanın 60-dək rayonunda tarix-diyarşünaslıq muzeyi yaradılmışdır. Dahi rəhbərimizin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra mədəniyyət sahəsi, həmçinin muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Ulu Öndərimizin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilmişdir. 1994-cü ildə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilmişdir. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bunlarla bağlı münasibətləri tənzimləyir. Bu qanunda muzey fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin vəzifələri, muzeylərin hüquqları, muzey fondları, onların uçotu və mühafizəsi, muzeylərə dövlət qayğısı və nəzarəti, muzey işçilərinin sosial müdafiəsi, bu sahədə beynəlxalq əməkdaşlıq kimi əhəmiyyətli məsələlər öz əksini tapmışdır. Bu gün Prezident İlham Əliyev tərəfindən bu sahədə uğurlu addımlar atılır, böyük layihələr həyata keçirilir. Hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir. Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında” 2006-cı il 18 dekabr və “Müasir İncəsənət Muzeyinin yaradılması haqqında” 2006-cı il 19 dekabr tarixli sərəncamları muzey işinə dövlət qayğısının aydın təzahürüdür. Prezident İlham Əliyevin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı, 2009-cu il 22 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı” və digər normativ aktlar bu sahədə hüquqi bazanın formalaşdırılmasının əyani ifadəsidir. Həmin Sərəncama əsasən, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət Muzeyinin müasir tələblərə, beynəlxalq standartlara cavab verməsi üçün yeni binada fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilmiş, muzeyin yeni binası tikilmiş və yaxın müddətdə istifadəyə veriləcəkdir. Son dövrlər yaradılan muzeylərin sırasında ölkənin əksəriyyət şəhər və rayonlarında inşa edilmiş Heydər Əliyev Mərkəzlərini xüsusi qeyd etmək lazımdır. Uğurlu dövlət mədəniyyət siyasətinin nəticəsidir ki, son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənmiş, beynəlxalq əməkdaşlıq sahəsində gözəl nəticələr əldə edilmişdir. Azərbaycanın “Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir.
AzərTAc-ın müxbiri Türkan Abdullayeva