Xədicə osman qızı Qayibova 1893-cü il may ayının 24-də Tiflisdə anadan olmuşdur. İlk təhsilini “Müqəddəs Nina” məktəbində almışdır.Uşaq yaşlarından musiqi istedadı ilə fərqlənən X.Qayıbova ilk musiqi təhsilinə bu məktəbdə yiyələnmiş, elementar musiqi nəzəriyyəsini, fortepianoda çalmağı öyrənmişdir.
Bir müddət X.Qayıbova Tiflisdəki tatar məktəbində dərs demiş, 1919-cu ildə həyat yoldaşı ilə birlikdə Bakıya köçmüşdür. XX əsrin 20-ci illərinin əvvəllərində Xalq Maarif Komissarlığında Şərq musiqisi üzrə müəllim kadrların hazırlanması məqsədilə “Qısa müddətli Şərq musiqisi kursları”nı təşkil etmiş, sonralar Şərq musiqi şöbəsinin müdiri təyin olunmuşdur. 1927-ci ildə konservatoriyaya daxil olmuş, nəzəriyyə və bəstəkarlıqdan dərs almış, eyni zamanda teatr texnikumunda dərs demiş və elmi-tədqiqat işi ilə məşğul olmuşdur. Bakıda Şərq konservatoriyasının yaradıcılarından və ilk azərbaycanlı pianoçu - fortepianoda muğamların ilk ifaçısı olmuşdur.
X.Qayıbovanın evi əsl musiqi ocağı olmuşdur. Qonaqların arasında dövlət xadimləri, Bakıya qastrola gələn ifaçılar, müxtəlif tədbirlərdə iştirak edən xarici qonaqlar, xususilə də Türkiyədən alimlər, şairlər olmuş, musiqi gecələrinə Ü.Hacıbəyli, R.Qliyer, L.Rudolf, M.Pressman, H.Sarabski, Bülbül, V.Qorovits, N.Milşteyn, F.Köprülüzadə, İsmayıl Hikmət kimi görkəmli insanlar da qatılırdı.
Azərbaycanın yaradıcı ziyalılarına qənim kəsilən sovet imperiyasının qatil siyasəti bu vətənpərvər sənətkarın, bu zərif ruhlu pianoçu qadının taleyindən də yan keçməmişdir. Onun adı sovet repressiyasının ilk iki ilində qətlə yetirilmiş səksən min Azərbaycan ziyalısının siyahısındadır. O, 1933-cü ildə Türkiyə ilə münasibətlərinə görə casusluqda ittiham edilərək həbs olunmuş, ancaq tezliklə heç bir sübut, dəlil olmadığına görə həbsdən azad edilmişdi. 1934-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında əmək fəaliyyətini davam etdirən professional musiqiçi burada elmi-tədqiqat musiqi kabinetinə rəhbərlik etmişdir. Onun rəhbərliyi altında xalq dastanları və muğamlarımız toplanmışdır. Xədicə xanım 1938-ci il martın 17-də Dövlət Təhlükəsizlik İdarəsinin 4390 No-li orderi ilə ikinci dəfə əsassız şəkildə həbs edilmişdir. 1938-ci il may ayının 7-də Xədicə Qayıbovanın işi üzrə istintaq başa çatmış və o, heç bir dəlilin olmamasına baxmayaraq müqəssir hesab edilmişdir. Azərbaycan SSR XDİK-in Xüsusi Üçlüyünün 1938-ci il 19 oktyabr tarixli qərarına əsasən Qayıbova Xədicə xanım Osman qızı Türkiyə konsulluğu ilə əlaqəsinə və cəsusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsi Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən Qayıbova Xədicə xanım Osman qızına bəraət verilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.