XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
31 May, 2013
Zülfü Adıgözəlov - 115

Zülfü Adıgözəlov Zülfü Səməd oğlu Adıgözəlov 1898-ci il may ayının 31-də Şuşanın Qaradolaq kəndində anadan olmuşdur. 1927-ci ildə Şuşada muğam axşamlarından birində Zülfü Adıgözəlovun ifasını dinləyən Cabbar Qaryağdıoğlu, onu Bakıya dəvət edir.


Zülfü Adıgözəlov pəsxan xanəndə idi. O, muğam dəstgahını tam şəkildə bəm və orta tessiturada özünəməxsus oxuma məktəbini yaratmışdır. Bu gün adlarını fəxrlə çəkdiyimiz Əbülfət Əliyev, Sahib Şükürov, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, İldırım Həsənov, Ağaxan Abdullayev, Tələt Qasımov və başqa neçə-neçə gənc istedadlı xanəndələr Zülfü Adıgözəlov məktəbinin istedadlı davamçılarıdırlar. Xanəndənin ifa etdiyi və lentə, qrammafon vallarına yazdırdığı “Rast”, “Mahur-hindi”, “Segah-Zabul”, “Bayatı-Şiraz”, “Humayun” muğam dəsgahları, bir sıra təsniflər, “Nəbi”, “Mən gedirəm Zəngilana”, “Dedim bir busə ver”, “Kəklik” və b. bu kimi xalq mahnıları təkrarolunmaz, musiqi xəzinəmizin nadir inciləridirlər. Məhz qədim klassik muğamlarımızı, təsnif və xalq mahnılarını oxuyarkən onların ənənəvi forma və quruluşunu saxlamaqla xanəndə özünəməxsus nəfəsləri, dəst-xətti ilə ifaçılıq sənətinə yeniliklər gətirmişdir. Heç də təsadüfi deyil ki, Zülfü Adıgözəlovun xanəndə kimi ifaçılığının xüsusiyyətlərindən söz açarkən görkəmli şərqşünas alim, jurnalist Rafael Hüseynov yazır: “O muğamların labirintlərinə kamil bələd idi, bir muğamın qapısından girib bu muğamın ruhunu incitmədən, səslənmiş rəvanlığına xələl gətirmədən asudəcə sonra elə gəldiyi rəvanlıqla əvvəlki muğama qayıdıb yolunu davam etdirə bilirdi”. Zülfü Adıgözəlov muğam dəsgahların ayrı-ayrı uyğun şöbələrini birləşdirərək mikrosilsilə kimi müstəqil şəkildə təfsir etmişdir. Bu baxımdan “Əraq-Pəncgah”, “Hasar-müxalif”, “Vilayəti-Dilkeş” muğamları gözəl örnəklərdir. Zülfü Adıgözəlov 1963-cü ildə Bakıda vəfat etmişdir.