XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
31 May, 2013
Qövsi Təbrizi - 445

Qövsi Təbrizi Əlican Qövsi Təbrizi 1568-ci il may ayının 31-də Təbriz şəhərində, sənətkar ailəsində dünyaya göz açmışdır. Qövsi Təbrizi XVI-XVII əsr Azərbaycan poeziyasının ən parlaq nümayəndələrindən biri olmuşdur.


Şairin Azərbaycan dilində bizə gəlib çatmış “Divan”ının iki nüsxəsi məlumdur: birincisi Britaniya muzeyində, ikincisi Gürcüstanın Dövlət muzeyində saxlanılır. Şair Füzuli ədəbi məktəbinin görkəmli davamçılarından hesab olunur. Qövsi elə bir dövrdə yaşamışdır ki, o, həm köhnə Azərbaycan dilinin klassik şeir dili mərhələsini (XV əsr), həm də yeni Azərbaycan dilinin xəlqiləşməsi dövrünü (XVII əsr) öz yaradıcılığında inikas etdirə bilmişdir. Lirik qəzəllərində mənəvi azadlıq, insanların arzu və istəkləri tərənnüm olunur. Bir sıra şairə, xüsusilə, Füzuliyə nəzirələr yazmışdır. Onun yaradıcılığı Azərbaycan şeirinin inkişafında mühüm rol oynamışdır. Qövsinin əsərlərindən nümunələr ilk dəfə 1925-ci ildə Firudun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” əsərinin birinci hissəsində nəşr olunmuşdur. Həmin ildə Salman Mümtaz şairin altmışa yaxın qəzəlini ayrıca kitabçada “Kommunist” qəzetinin nəşriyyatında nəşr etdirmişdir. 1958-ci ildə akademik Həmid Araslı Qövsi “Divan”ının Tiflis və London nüsxələri əsasında onun seçilmiş əsərlərini (buraya şairin 145 qəzəli, 1 mürəbbesi, 2 müxəmməsi, 1 müqəddəsi, 1 tərkibbəndi, 4 tərcibəndi daxil edilib) çap etdirmişdi. “Azərbaycan klassik ədəbiyyatı kitabxanası” 20 cildliyinin 1988-ci ildə nəşr edilmiş VI cildinə Qövsinin də əsəri daxil edilmişdir. Əlican Qövsi Təbrizi 1640-cı ildə vəfat etmişdir.