XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
31 May, 2013
II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi olub

II Ümumdünya Mədəniyyətlərarası Dialoq ForumuMayın 30-da Bakıda, Heydər Əliyev Mərkəzində "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" devizi altında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılışında iştirak etmişdir.


Tədbir iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Forumun açılışında çıxış edən Prezidenti İlham Əliyev bildirib ki, forumun keçirilməsi 2008-ci ildə başlanmış Bakı prosesinin davamıdır: "Bakı coğrafi körpü rolunu oynamaqla yanaşı, mədəniyyətlərarası körpü rolunu da oynamaqdadır. Artıq Bakı prosesi inkişaf edir". Dövlət başçısı qeyd edib ki, Azərbaycan əsrlər boyu burada yaşayan və müxtəlif dinlərə inanan bütün millətlər üçün vətən olub: "Azərbaycanın uğurlu inkişafında bu amilin rolu böyükdür. Biz istəyirik ki, xoşagəlməz halların qarşısı alınsın. Əfsuslar olsun ki, buna nail ola bilmirik. Dünyanın müxtəlif yerlərində dini və mili zəmində qarşıdurmalar baş verir". Azərbaycanın əsrlər boyu tolerantlıq nümunəsi olduğunu deyən Prezident İlham Əliyev müstəqillik dövründə nəinki bu müsbət meyllərin qorunub saxlandığını, hətta genişləndirildiyini bildirib: "Xalqlararası, millətlərarası dialoq bu meylləri gücləndirir. Ölkələrin siyasi, iqtisadi maraqları var. Ölkələrarası münasibətləri gücləndirmək üçün xalqlararası münasibətlər də qurulmalıdır. Bu dünyada hər bir xalq, millət üçün yer var. Təki sülh olsun, əməkdaşlıq olsun. Bizim regional münasibətlərlə bağlı addımlarımız əməkdaşlığa yönəlib". Azərbaycanın müsəlman aləminin bir parçası olduğunu deyən Prezident eyni zamanda XIX əsrdən başlayaraq Azərbaycana Avropa təsirinin də özünü göstərdiyini vurğulayıb. Dövlət başçısı Azərbaycanın İslam Əməkdaşlığı Təşkilatında mühüm rol oynadığını, bununla yanaşı, keçən il Avropanın ən mötəbər musiqi yarışmasının Bakıda keçirildiyini, 2015-ci ildə isə birinci Avropa Olimpiya Yarışlarının Bakıda keçiriləcəyini bildirib: "Son zamanlar multikulturalizmlə bağlı müxtəlif ziddiyyətli fikirlər səslənir, bədbin bəyanatlar verilir. Bəzi siyasi bəyanatlar, media qurumları sivilizasiyalararası dialoqa deyil, onun əleyhinə xidmət edir. Azərbaycanda multikulturalizm əsrlər boyu olub. Azərbaycan multikulturalizmin ünvanlarından biridir. Dünyanın istənilən yerində bu meyl güclənə bilər. Təki siyasi iradə olsun".
Prezident Ermənistanın yürütdüyü işğalçılıq siyasətindən danışıb. Bildirib ki, işğal altındakı Azərbaycan ərazilərində Ermənistan Silahlı Qüvvələri tərəfindən bütün abidələr, binalar, bütün infrastruktur dağıdılıb: "Beynəlxalq hüquq normaları bu münaqişənin həlli məsələsində işləmir. Ermənistan BMT TŞ-nin qətnamələrinə məhəl qoymur, işğal davam edir və beynəlxalq hüquq normaları kobud şəkildə pozulur. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Oradakı bütün toponimlər, abidələr Azərbaycana məxsusdur". Sonra BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri, BMT baş katibinin ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser çıxış edib. O, BMT baş katibi Pan Gi Munun salamlarını iştirakçılara çatdıraraq qeyd edib ki, bu forum müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin bir araya gətirilməsində mühüm rol oynayır. O, şərqlə qərbin kəsişməsində yer alan Azərbaycanın dünyaya örnək olduğunu vurğulayıb.
Azərbaycanın tarixi və mədəni irsin qorunmasında mühüm addımlar atdığını deyən UNESCO-nun baş direktoru İrina Bokova rəhbərlik etdiyi təşkilatın rəsmi Bakı ilə əməkdaşlığından bəhs edib. O, Bakıda keçirilən forumun əhəmiyyətindən danışaraq, burada səslənən fikrilərin praktik həyatda öz yerini tapacağına ümidvar olduğunu bildirib. İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri çıxışı zamanı bildirib ki, Azərbaycan dünyada tolerantlığın nümunəsi sayılan ölkələrdəndir və bu istiqamətdə son illər dünya əhəmiyyətli bir sıra tədbirlərə ev sahibliyi edib, özünün xoş məramını beynəlxalq səviyyədə göstərib. Rəsmi açılış mərasimi başa çatdıqdan sonra Forumun iştirakçıları Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdiriblər. Sonra Heydər Əliyev Mərkəzinin foyesində fləşmob keçirilib. Dövlətimizin başçısı fləşmoba baxıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu rəsmi açılış mərasimindən sonra işini sessiyalarla davam etdirəcəkdir.