Çex Respublikasının ən qocaman və zəngin muzeyi olan Milli Muzeyin bir qrup əməkdaşı - Muzeyin Baş direktoru Mixal Lukeş, onun müavinləri Eva Diterova və Daqmar Fialova işgüzar səfərlə Milli Azərbaycan Tarixi Muzeyinə gəlmişlər.
Qonaqları salamlayan direktor, akademik Nailə Vəlixanlı Azərbaycan – Çexiya hərtərəfli əməkdaşlığının böyük əhəmiyyətindən danışmış, iyunun 1-də açılışı nəzərdə tutulan “Çexiya süleyman daşı” adlı sərginin bu günlərdə Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramına salınmasının vacibliyini vurğulamışdır. Azərbaycanda olmağından məmnunluğunu bildirən Mixal Lukeş son illərdə Azərbaycanda muzey işinin sürətlə inkişafını qeyd etmiş, Azərbaycan tamaşaçılarına təqdim edəcəkləri sərginin xalqlarımızın bir-birlərini tanıması yolunda vacib rol oynayacağından əmin olduğunu vurğulamışdır. Söhbət zamanı muzeylər arasında əməkdaşlığın müxtəlif formaları müzakirə olunmuşdur.
Daha sonra N.Vəlixanlı “Çexiya süleyman daşı” adlı sərginin hazırlığı barədə məlumat vermiş, artıq neçə vaxtdır ki, Bakıda olan çex və azərbaycan muzey əməkdaşlarından ibarət qrupun səyləri ilə sərgidə son tamamlanma işlərinin aparılmasını söyləmişdir.
Çexiyalı qonaqlar Muzeyin daimi ekspozisiyası, eləcə də Muzeydə fəaliyyət göstərən “Tarix muzeyi uşaqların gözü ilə” sərgisi ilə tanış olmuşlar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.