XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 İyun, 2013
“Çexiya süleyman daşı” sərgisinin aşılışı mərasimi

“Çexiya süleyman daşı” sərgisinin aşılışı mərasimiİyunun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “Çexiya süleyman daşı” adlı sərgi açılmışdır.


Bu sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Çexiya Respublikasının Milli Muzeyi tərəfindən, Çexiya Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Praqadakı səfirliyinin və Çexiyanın Bakıdakı səfirliyinin dəstəyi ilə təşkil olunmuş və Çexiyanın mineraloji rəmzi sayılan, “süleyman daşı” adlanan qranat mineralına həsr edilmişdir. Sərginin açılışında çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı vurğulamışdır ki, sərginin keçirilməsi haqda qərar Azərbaycan Prezidenti İlham Əliyevin keçən il Praqaya səfəri zamanı qəbul edilmişdir. Qeyd edilmişdir ki, bu sərgi ölkələrimizin beynəlxalq əməkdaşlığının əyani nümunəsidir. Daha sonra çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Çexiya Respublikası ilə Azərbaycan Respublikası arasında hərtərəfli, o cümlədən mədəniyyət sahəsində əlaqələrin inkişafını vurğulamış, sərginin “Multimədəni dünyada birgə yaşayaq” devizi ilə keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilməsinin qeyd etmişdir. Çexiyanın mədəniyyət naziri Alena Xanakova, Çexiya Respublikası Milli Muzeyinin direktoru Mixal Lukaç cari ildə 195 illiyini qeyd edən bu muzeyin kolleksiyasının tarixi barədə məlumat vermişlər. AMEA vise-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan və Çexiya alimləri arasında genişlənən elmi əlaqələrdən danışmışdır. Həmçinin çıxışlar zamanı bildirilmişdir ki, ekspozisiyada Çexiya Respublikası Milli Muzeyinin kolleksiyasından XIV-XX əsrlərə aid 160 zərgərlik məmulatı - əl işi olan boyunbağı, taclar, daraqlar və digər qadın bəzək əşyaları, barokko üslubunda hazırlanmış bokallar, təsbehlər, xalçalar, yazı dəstləri, müqəddəslərin heykəlləri, rəsm əsərləri və çex qranatı ilə bəzədilmiş bir sıra başqa əşyalar vardır. Eksponatlar arasında təbii qranat daşı, qranatlı süxurlar da nümayiş etdirilir. Praqa kilsəsindən gətirilmiş, XIV əsrə aid panaqiya (bəzəkli xaç) bu sərgidə ən qədim eksponatdır. Sərgilənən eksponatlar arasında ametist, yəşəm daşı, gümüşü rəngli təbii mineral, habelə qiymətli daşlarla işləyən sənətkarların istifadə etdikləri alətlər də vardır. Sərginin açılış mərasimində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları, diplomatik korpusun nümayəndələri, alimlər, incəsənət xadimləri, Bakıda muzeylərin əməkdaşları iştirak etmişlər. Tədbir iştirakçılarına MATM nəşrləri, Çexiya Milli Muzeyinin bukletləri və “İrs-Наследие“, “İrs- Heritage” jurnalının müvafiq nömrələri paylanmışdır. Sərgi sentyabrın 25-dək davam edəcəkdir.

 Sərginin aşılış mərasimindən fotoşəkillərlə saytın “Fotoqalereya” bölümündə tanış olmaq olar.