XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 İyun, 2013
Rusiya prezidentinin Milli Azərbaycan Tarixi Muzeyinə gondərdiyi xatirə hədiyyəsinin təqdimetmə mərasimi keçirildi

Xatirə hədiyyəsiİyunun 5-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinə (MATM) göndərdiyi xatirə hədiyyəsinin təntənəli təqdim olunması mərasimi keçirilmişdir.MATM-ın direktoru, akademik Nailə Vəlixanlı bu mərasimin muzeyin həyatında çox mühüm hadisə olduğunu, Azərbaycan və Rusiya arasında əlaqələrin bundan sonra da yüksək səviyyədə davam və inkişaf edəcəyini demişdir.



Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin 2009-cu ildə Azərbaycanda səfir kimi fəaliyyətə başlayandan bir həftə sonra Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etdiyini demişdir. O, Azərbaycanda muzey ənənəsinin daha da möhkəmlənməsindən və əhatəli məzmun kəsb etməsindən məmnunluğunu ifadə etmişdir. Mərasimin səbəbindən danışan səfir Vladimir Doroxin 2012-ci ildə Rusiyada 1812-ci il Vətən müharibəsində qələbənin 200 illik yubileyinin yüksək səviyyədə qeyd edildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu müharibədə Rusiya Napaleonun ordusunu məğlub etmiş, nəticədə Avropa diktatordan azad olmuşdur.
Diplomat bildirmişdir ki, hazırda Rusiya tarixi köklərə və ənənələrə daha çox qayıdır. Vətən müharibəsində qalibiyyət bu gün də Rusiyanın gücünün, onun qüdrətli ruhunun simvoludur. Yubiley münasibətilə bir çox yerlərdə, o cümlədən Fransada da tədbirlər keçirilmişdir. Orada da bizim mövqeyimizi düzgün anlamışlar. Hətta bu il Moskvadan Parisədək “Kazakın yolu” təkrar edilmişdir. Səfir diqqətə çatdırmışdır ki, yubiley tədbirləri çərçivəsində həmçinin Rusiyada xüsusi olaraq xatirə medalı kolleksiyası hazırlanmışdır. Kolleksiya “1812-ci il Vətən müharibəsinin 200 illiyinə xatirə”, Fyodr Tolstoyun 1812-ci il Vətən müharibəsinə həsr etdiyi tarixi seriyadan (1814-1836) olan 20 medalın surətindən ibarətdir. Birinci kolleksiya Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilmişdir. 1812-ci il Vətən müharibəsinin Rusiyanın hərb tarixində şərəfli yer tutduğunu deyən səfir Vladimir Doroxin, nümunəvi muzey üçün istənilən yaxşı kolleksiyanın gərəkli olduğunu qeyd etmişdir. Vurğulamışdır ki, bu hədiyyənin təqdim edilməsi və qəbul edilməsi özlüyündə yaxşı münasibətlərimizin, Rusiya-Azərbaycan dostluğunun daha da möhkəmləndirilməsinin simvoludur.
Hədiyyə “1812-ci il Vətən müharibəsinin 200 illiyinə xatirə” və Fyodr Tolstoyun 1812-ci il Vətən müharibəsinə həsr edilmiş tarixi seriyadan olan 20 medalın surətindən ibarətdir. “1812-ci il Vətən müharibəsinin 200 illiyinə xatirə” medalının diametri 70 millimetr, kütləsi 191 qram olmaqla L90 (latun) materialından hazırlanmışdır.
Fyodr Tolstoyun 1812-ci il Vətən müharibəsinə həsr olunmuş tarixi seriyadan (1814-1836) olan medalın surətinin diametri 65 millimetr, kütləsi 147 qram, L90 (latun) materialından hazırlanmışdır. Medalların surətinin hazırlanmasında medalyer Aleksandr Lyalin və Aleksey Klepikovun (1834-1835) orijinal alətlərindən istifadə edilmişdir. Medallar Sankt-Peterburqun sikkəxanasında hazırlanmışdır. Tədbirin sonunda MATM-ın direktoru, akademik Nailə Vəlixanlı Azərbaycan-Rusiya tarixi əlaqələri haqqında geniş məlumat vermiş və Rusiya Federasiyasının ölkəmizdəki səfirinə dərin təşəkkürünü bildirmişdir.